×
A
A
A
Sazlamalar

Skuterlər Brüsselin hakimiyyət orqanlarına təhlükəli sahələri aşkarlamağa kömək edəcək

Brüssel, 24 avqust, AZƏRTAC

Gələn aydan başlayaraq, “Lime” skuterlərinin 30 istifadəçisi Brüsselin hakimiyyət orqanlarına paytaxtın daha təhlükəli yol-nəqliyyat kəsişmələrini müəyyən etməkdə yardımçı olacaqlar.
AZƏRTAC xəbər verir ki, “Lime” elektrik skuterləri şirkəti və “Vias” yol hərəkətinin təhlükəsizliyi təsisatı tərəfindən şirkətin 30 skuteri düymə ilə təchiz olunacaq. İstifadəçilər təhlükə hiss etdikləri anda, həmçinin qəzanın özünün baş verdiyi halda düyməni basacaqlar.
“Vias” institutu indi paytaxtın çox təhlükəli qovşaqları barədə daha yaxşı təsəvvür yaranacağına, həmçinin skuter istifadəçilərinin digər tələbatlarının daha yaxşı başa düşüləcəyinə inanır.
“Vias”ın baş direktoru Karin Ceno jurnalistlərə bildirib ki, yol hərəkətinin təhlükəsizliyi təsisatı “təhlükəli zona”ların üç növünü və yaxud yol-nəqliyyat hadisələrinin tez-tez təkrarlandığı yerləri müəyyən etmək niyyətindədir. O deyib: “Birinci növ infrastrukturun özü ilə bağlıdır. Məsələn, yolda çökək yer varmı, yaxud işıqforlarla hər şey qaydasındadırmı? İkinci növ təhlükəsizlik sahəsinə aiddir. Məsələn, yol hərəkətinin digər iştirakçıları daha sürətlə hərəkət etmirlərmi? Nəhayət üçüncü növ – bu, qəzanın özü, yaxud qəzaya “yaxın” olan, daha dəqiq desək, qəza vəziyyətinin təhlilidir”.
Tədqiqatların nəticələri bundan sonra işlənilmək üçün Brüssel paytaxt regionuna təhvil veriləcək.


Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Dünya 2019-08-24 12:15:00