×
A
A
A
Sazlamalar

Nəsimi rayonu ərazisində törədilmiş bir neçə cinayət hadisəsinin üstü açılıb

Bakı, 24 avqust, AZƏRTAC

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) və 22-ci Polis Şöbəsinin əməkdaşları rayon ərazisində törədilmiş cinayətlərin açılması məqsədilə uğurlu əməliyyat tədbirləri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 23-də Nəsimi rayonu H.Aslanov küçəsində iki naməlum şəxs Bakı şəhər sakini V.Əmirovu döyərək 18 manat pulunu alıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Abbasov və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Səfərov Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Şöbənin əməkdaşları rayon ərazisində törədilmiş soyğunçuluq faktının da üstünü açıblar. Belə ki, avqustun 21-də 28 May küçəsində yerləşən parkda naməlum şəxs Bakı şəhər sakini K.Alcanovun cibindən 97 manat pulunu soyğunçuluq yolu ilə götürüb qaçıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunub.
Avqustun 19-da Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 1100 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Muradova 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yaxalanıb.
Avqustun 23-nə keçən gecə isə Nəsimi rayonu ərazisində Bakı şəhər sakini G.Əlibəyliyə məxsus “KIA” markalı avtomobilin ön hissəsi qəsdən əzilib. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.Xəlilov saxlanılıb.

Hadisə 2019-08-24 11:34:00