×
A
A
A
Sazlamalar

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti “World Skills” müsabiqəsinə qatılıb

Bakı, 24 avqust, AZƏRTAC 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti qonaq qismində Rusiya Federasiyasının Kazan şəhərində keçirilən 45-ci “World Skills” müsabiqəsinə qatılıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, avqustun 27-dək davam edəcək müsabiqədə Azərbaycanı agentliyin direktoru Pərviz Yusifov, Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov təmsil edirlər.
Altmış üç ölkədən 1300-dən çox iştirakçının qatıldığı müsabiqədə 56 növ bacarıq üzrə yarışlar keçirilir.
Bacarıqların nümayiş edilməsi üzrə ən nüfuzlu müsabiqələrdən hesab edilən “World Skills”ə bu il 200 mindən çox ziyarətçi və 3 min 500-dən çox könüllü qatılıb.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti “HRD Korea” və “World Skills Russia” təşkilat komitəsinin üzvləri ilə məhsuldar görüşlər keçirib və təcrübə mübadiləsi aparıb. Müsabiqə zamanı agentliyin nümayəndələrinin peşə təhsili müəssisələrinin avadanlıq təchizatı üzrə ixtisaslaşan şirkətlərlə də səmərəli danışıqları olub.
Xatırladaq ki, əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib sayılan texnoloji və xidmət sahələrində bacarıq və peşələri inkişaf etdirməkdən, bu sahədə mövcud bilik və bacarıqları üzv ölkələr arasında təşviq etməkdən ibarət olan “World Skills” müsabiqəsi həm də “Peşə təhsilli kadrların olimpiadası” kimi tanınır.

Elm və təhsil 2019-08-24 10:49:00