×
A
A
A
Sazlamalar

Tibb işçiləri fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılır

Bakı, 23 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi avqustun 23-də nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Yardımlı Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlığı və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilib, dəm qazı təhlükəsinin qarşısının alınması yolları barədə, eyni zamanda 112 qaynar xətti haqqında məlumat verilib, mövzulara dair fotoslaydlar nümayiş olunub.
Daha sonra tibb müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarına videoçarx nümayiş olunub, maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanıb.
Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və Yardımlı Rayon Mərkəzi Xəstəxanasının kollektivi iştirak edib.

Sosial 2019-08-23 19:11:00