×
A
A
A
Sazlamalar

Musa Kazımov: Müsahibədə iştirak edən namizədlərin hazırlığı yüksək səviyyədədir

Bakı, 23 avqust, AZƏRTAC

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi normal gedir. Çalışırıq ki, müəllim olmaq istəyən gənclərin, ilk növbədə, həyəcanını aradan götürək. Çünki onlar sərbəst, rahat olanda özlərini daha yaxşı ifadə edirlər.
Bu fikri AZƏRTAC-a müsahibəsində Binəqədi rayonu 314 nömrəli məktəbin fizika-texnologiya üzrə fənn müəllimi, müsahibə komissiyasının üzvü Musa Kazımov söyləyib.
O bildirib ki, texnologiya fənnindən müsahibədə iştirak edən namizədlərin hazırlığı yüksək səviyyədədir.
“Bütün namizədlər suallarımıza eyni səviyyədə cavab vermirlər. Amma onların çoxu yeni təlim metodlarından istifadə qaydalarına üstünlük verir. Pedaqoji işin spesifikliyi haqqında məlumatları var. İnanıram ki, müsabiqədən keçən müəllimlərimiz təyin olunduqları məktəblərdə bilik və bacarıqlarını uğurla tətbiq edəcək, müəllim-şagird münasibətlərinin qurulmasında düzgün addım atacaqlar”, - deyə Musa Kazımov qeyd edib.
Xatırladaq ki, müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib. Bu mərhələdə keçid balını toplamış namizədlərə 8 vakant yer seçmək imkanı yaradılıb.
Müsahibə mərhələsində namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyənləşdirilir.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili ərzində qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Elm və təhsil 2019-08-23 18:53:00