×
A
A
A
Sazlamalar

Dəməşqdə şəhər festivalı təşkil edilib

Bakı, 23 avqust, AZƏRTAC
Suriyanın Dəməşq şəhərindəki Tişrin parkında festival keçirilib. Festivalda şəhər sakinləri ənənəvi Suriya yeməklərindən istifadə etməklə bərabər açıq səma altında yerləşən kinoteatra baş çəkmək, qədim xalq sənətinin nümunələri ilə tanış olmaq imkanı əldə ediblər.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında festivalın təşkilat komitəsinin üzvü Rama Tabar bildirib. Onun sözlərinə görə, şəhər festivalı ilk dəfə ötən il təşkil edilib və miqyası kiçik olub. Builki şəhər festivalında isə kifayət qədər çox insan iştirak edib və ziyarətçilər yarmarkadan özlərinə geyim və məişət əşyaları da ala bilərlər.
Rama Tabar deyib: “Şəhər sakinləri hələ də Dəməşqin azad olunmasına uyğunlaşa bilmirlər. Onlar inana bilmirlər ki, müharibəyə artıq son qoyulub. Bu illərdə insanlar sevinməyi yadırğayıblar, qorxu içində yaşayıblar. Biz şəhər sakinlərinə əvvəlki sevinci qaytarmaq üçün bu festivalı təşkil etməyə qərar vermişik”
Festivalın xüsusi fəxr edəcəyi yer isə inklüziv meydançadır. Valideynlər bura Daun sindromlu və digər problemli övladlarını gətirirlər. Həmin uşaqlar meydançada fəaliyyət göstərən kafedə təcrübə keçirlər. “Cuzur” humanitar qrupunun rəhbəri Qulu Rəcəbin sözlərinə görə, festival Daun sindromlu və digər problemli insanların ofisiant, barmen, aşpaz köməkçisi kimi işlərə cəlb olunması üçün də çox əhəmiyyətlidir.

Mədəniyyət 2019-08-23 17:06:00