×
A
A
A
Sazlamalar

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

Bakı, 23 avqust, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması” üzrə biznesə başlama sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üzrə İcra və Kommunikasiya Planının müzakirəsi həyata keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı plan üzrə yeni rəqəmsal elektron qeydiyyat sisteminin beynəlxalq və yerli səviyyədə tanıdılması, sistemin təkmilləşdirilməsi və imkanlarının genişləndirilməsi üzrə işlərin 2019-cu ilin ikinci yarısında da davam edəcəyini deyib. Müzakirə zamanı qeyd olunub ki, sahibkarlıq subyektləri ilə iş prioritet istiqamətlərdəndir. Belə ki, 2019-cu ilin birinci yarısında yeni elektron sistem üzrə sahibkarlıq subyektləri üçün aparılan təlim və görüşlərin nəticələri təhlil olunacaq.
Bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunacaq. Həmçinin biznesə başlama sahəsində aparılmış islahatlar barədə sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün onları təmsil edən ictimai birliklərin, biznes assosiasiyalarının və müvafiq koordinatorların siyahısı hazırlanacaq. Görülən işlərlə bağlı aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları və aparıcı kütləvi informasiya vasitələri, eləcə də digər media qurumları ilə intensiv əməkdaşlıq ediləcək.
Qeyd edək ki, “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması” üzrə biznesə başlama sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üzrə İcra və Kommunikasiya Planın icrasında İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Statistika Komitəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, “KPMG Azerbaijan Ltd”, “Ekvita” “Ernst & Young Azerbaijan”, “PricewaterhouseCoopers Azerbaijan”, “BM Morrison Partners”, “Dentons Azerbaijan”, "Bakı Hüquq Mərkəzi"nin nümayəndələri iştirak edir.

 

İqtisadiyyat 2019-08-23 15:07:00