×
A
A
A
Sazlamalar

Azərbaycanda ərəb dilinin tədrisi ilə bağlı keçirilmiş konfransın materialları nəşr olunub

Bakı, 23 avqust, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə keçirilən “Azərbaycanda ərəb dilinin tədrisi sahəsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfransın materialları çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda 12 alimin ərəb dili ilə bağlı məqalələri yer alıb. Kitaba “Ön söz” yazan Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qeyd edib ki, ərəb dilinin təkamülü İslam dininin yayılması və müsəlmanların müqəddəs kitabı – “Qurani-Kərim”lə bağlıdır. Ərəb dili qədim İslam müdrikliyinin xəzinəsidir. Şair, filosof və alimlər dilin gücünü və gözəlliyini əxz edərək, bəşəriyyətin inkişafına misilsiz töhfələr veriblər.
Azərbaycan İlahiyyat İnstitutunda təşkil olunan konfransdan bəhs edən rektor vurğulayıb ki, ali təhsil müəssisəsində ərəb dilinin tədrisinə xüsusi önəm verilir. İlahiyyat fakültəsində tədris edilən “Qurani-Kərim”in, siyər, əqaid, təfsir, hədis, fiqh, kəlam, təsəvvüf kimi İslam elmlərinin öyrənilməsində, orta əsr mənbələrinin tədqiqində ərəb dilinin önəmi danılmazdır.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu elmi kitabların çapına xüsusi önəm verir. Gələcəkdə “İlahiyyat nəşrləri” adı altında layihə nəzərdə tutulur ki, bura institutun müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərin nəşri daxildir.

Elm və təhsil 2019-08-23 14:20:00