×
A
A
A
Sazlamalar

Xarkov şəhərinin yaradılmasının ildönümü ilə bağlı dövlət tədbirləri keçirilir VİDEO

Xarkov, 23 avqust, AZƏRTAC

Xarkov şəhərinin yaradılmasının 365-ci ildönümü münasibətilə təntənəli tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Şöhrət memorialının qarşısına ənənəvi gül qoyma mərasimi olub. Tədbirdə Xarkov şəhər meri Gennadi Kernes, Ukraynada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər, veteranlar, şəhər sakinləri iştirak ediblər.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulu Hüseyn Mərcanov, birinci katib Namiq Niftullayev, ikinci katib Samir Allahverdiyevin də iştirak etdikləri tədbirdə səfirlik adından “Ana heykəli”i önünə gül çələngi qoyulub.
Tədbirdə İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə yaylım atəşi açılıb, kompozisiyalar nümayiş etdirilib. Bildirilib ki, Xarkovun alman faşistlərindən azad edilməsində 2000-dən artıq mülki şəxs, 3000-dən çox əsgər və zabit həlak olub. Onlar arasında çox sayda azərbaycanlılar da var. Parkdakı xatirə lövhəsində Xarkov uğrunda həlak olan azərbaycanlıların da soyadı yazılıb.
Qeyd edək ki, Xarkov 1654-cü ildə yaradılıb, 1918-ci ilin mart-aprel aylarında Ukrayna Sovet Respublikasının paytaxtı olub, 1919-cu ilin mart-iyun aylarında və 1919-cu ilin dekabrından 1934-cü ilin iyununa qədər Ukrayna SSR-nin paytaxtı idi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov

Siyasət 2019-08-23 13:16:00

Video