×
A
A
A
Sazlamalar

Şinzo Abe ABŞ Prezidenti ilə Yaxın Şərq məsələsini müzakirə etməyi planlaşdırır

Tokio, 23 avqust, AZƏRTAC 

Yaponiyanın Baş Naziri Şinzo Abe ABŞ Prezidenti Donald Trampla Fransanın Biarrits şəhərində nəzərdə tutulan görüşü zamanı Yaxın Şərq məsələsini müzakirə etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Ş.Abe bu barədə avqustun 23-də Tokiodan Fransaya uçuşu ərəfəsində jurnalistlərə deyib.
Baş Nazir deyib: “Bu, mənim iştirak etdiyim sayca səkkizinci sammit olacaq. Biz dünya iqtisadiyyatının artımı, azad ticarət, Şimali Koreya və İran mövzularını müzakirə etmək niyyətindəyik. Prezident Donald Tramp ilə görüşə gəlincə, ilk növbədə, iyunda İrana səfərimi nəzərə alaraq, mən gərginliyin artmaqda davam etdiyi Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparmağı düşünürəm”.
Xatırladaq ki, G7 sammiti avqustun 24-26-da keçiriləcək. Fransa hökumətinin elan etdiyi kimi gündəlikdəki əsas məsələ qeyri-bərabərliyə qarşı mübarizə olacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-08-23 12:45:00