×
A
A
A
Sazlamalar

Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır

Bakı, 23 avqust, AZƏRTAC

Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi də nəzərə alınmalıdır. Çünki müəllim həm şagirdlərlə, həm valideynlərlə, həm də rəhbərliklə işləməyi bacarmalıdır. Bəzən olur ki, müəllimin ixtisas biliyi, dünyagörüşü onun psixoloji durumu ilə üst-üstə düşmür. Bu da tədris prosesinə mənfi təsir göstərir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqu Səidə Əhmədova deyib. O bildirib ki, müsahibədə iştirak edən namizədlərin əksəriyyətinin psixoloji vəziyyəti yüksək səviyyədədir.
“Müsahibə zaman çalışırıq ki, namizədlərin hansı müəllim üslubuna – avtoritar, liberal, yaxud da demokratik malik olduğunu müəyyən edək. Sevindirici haldır ki, indiyədək müsahibədən keçən müəllimlərin çoxu demokratik üsluba üstünlük veriblər”, - deyə Səidə Əhmədova qeyd edib.
Xatırladaq ki, müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib. Bu mərhələdə keçid balını toplamış namizədlərə 8 vakant yer seçmək imkanı verilib.
Müsahibə mərhələsində namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyənləşdirilir.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili ərzində qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Elm və təhsil 2019-08-23 12:30:00