×
A
A
A
Sazlamalar

Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib

Bakı, 23 avqust, AZƏRTAC

Ölkədə istilik təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatını etibarlı şəkildə təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Energetika nazirinin müavini Samir Vəliyev, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundov, “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev, Almaniyanın “VPC” şirkətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə “Azəristiliktəchizat” ASC-nin kompleks diaqnostika və tövsiyələrə dair aralıq hesabatı təqdim olunub. Təqdimatda istilik təchizat sisteminin vəziyyəti, əsas fəaliyyət göstəriciləri, itkilərin təhlili, istilik enerjisinin uçotu, AİT istilik enerjisi xərcləri, ətraf mühitə təsir, tariflərin təhlili, istilik təchizatı üçün bərpa olunan enerji, diaqnostika - enerji səmərəliliyi, Bakı İES diaqnostika və alternativlərə dair məlumatlar öz əksini tapıb. Almaniyanın “VPC” şirkətinin ekspertləri tərəfindən təqdim edilən aralıq hesabatın xülasəsi aktiv müzakirə edilib. Görüş iştirakçıları ölkədə istilik təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanmasına dair fikir və mülahizələrini bölüşüblər.

 

Energetika 2019-08-23 11:28:00