×
A
A
A
Sazlamalar

® “Nar” müştəri loyallığı indeksinə görə liderdir

“Nar” 2019-cu ilin 6 ayı ərzində əldə etdiyi nailiyyətlər barədə açıqlama edib. Mobil operatorun təqdim etdiyi tariflər və qiymətlərin sərfəli olması, baza stansiyalarının sayının sürətlə artımı, abunəçilərə göstərilən yüksəkkeyfiyyətli internet xidməti sayəsində “Nar”ın abunəçi bazası çoxalıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazası 13 faiz artıb. Hazırda mobil operatorun istifadəçilərinin sayı 2,3 milyona yaxınlaşıb. 

Ötən yarım ilin nəticələrinə əsasən, “Nar” mobil şəbəkəsini daha da genişləndirməyə nail olub. Mobil operator 6 ay ərzində 490 yeni baza stansiyası quraşdırıb. Hazırda “Nar”ın 4G baza stansiyalarının sayı 2140-ı, 3G baza stansiyalarının sayı isə 2700-ü ötüb. Bununla da “Nar” ölkədə ən geniş 4G şəbəkəsinə malik mobil operator olub. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq paytaxtla yanaşı, regionlarda da “Nar” şəbəkəsi daha da gücləndirilib. Hazırda 53 region 4G baza stansiyası ilə təmin edilib.
Ölkə ərazisində yeni baza stansiyalarının sürətlə quraşdırılması sayəsində 4G istifadəçilərinin sayı 96 faiz artıb. “Nar” abunəçiləri arasında smartfon istifadəçilərinin sayı isə 17 faiz çoxalıb. Ümumilikdə, mobil operatorun abunəçiləri arasında smartfon istifadəçilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə regionlar üzrə 15 faiz, Bakı üzrə isə 18 faiz artıb.
Media nümayəndələrinin iştirakı ilə yarım ilin nəticələrinin açıqlandığı mətbuat konfransında “Azerfon”un baş icraçı direktoru Qunnar Panke bildirib ki, “Nar” 6 ay ərzində nəzərəçarpacaq nəticələr əldə edib: “Nar” olaraq əsas hədəflərimizdən biri üstün müştəri məmnuniyyətinə nail olmaq və hər bir müştəriyə fərdi yanaşmanı yüksək səviyyədə təmin etməkdir. Azərbaycan mobil rabitə bazarında müşahidə olunan güclü rəqabət mühitində biz müştəri yönümlü strategiyamızı uğurla davam etdirmişik və müştəri məmnuniyyətində artıma nail olmuşuq. Müştərilərə göstərdiyimiz yüksəkkeyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq müştəri loyallığı indeksi üzrə mobil operatorlar arasında “Nar” birinci olub”, - deyə Qunnar Panke əlavə edib.
“Nar” abunəçilərinə Çağrı Mərkəzləri, “nar.az” internet səhifəsi ilə yanaşı, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, son 6 ay ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə abunəçilər tərəfindən 115 mindən çox müraciət daxil olub. Sosial şəbəkələr vasitəsilə daxil olmuş müraciətlərin 94,7 faizi bir dəqiqə ərzində cavablandırılıb.
2019-cu ilin 6 ayı ərzində mobil operator ikiqat internetdən istifadə və daha çox ünsiyyət qurma imkanı verən “CavanNar” tarifini, eləcə də xaricə səyahət etmək istəyən abunəçiləri üçün sərfəli rominq paketləri təqdim edib.

İKT 2019-08-22 18:24:00