×
A
A
A
Sazlamalar

Moskvalılara makulaturanı mədəni tədbirlərə getməklə əvəzləmək təklif olunur

Bakı, 22 avqust, AZƏRTAC

“Ekologiya naminə incəsənət” aksiyası çərçivəsində Moskva sakinləri məişət tullantılarını mədəniyyət tədbirlərinin biletlərinə dəyişə biləcəklər. Aksiya şəhərdə ikinci dəfə təşkil olunacaq və avqustun 31-dən sentyabrın 24-dək davam edəcək.
AZƏRTAC bu barədə “Komsomolskaya pravda”ya istinadla xəbər verir.
Bu dövrdə şəhərdə tullantıları qəbul edən 10 məntəqə işləyəcək. Burada kağız, plastik kütlə, şüşə və alüminiumun əvəzinə kinoteatra, teatra, muzey və ya konsert zalına bilet əldə etmək mümkündür. Aksiyada iştirak üçün moskvalılara azı iki kiloqram makulatura və bir kiloqramdan az olmayaraq alüminium təhvil vermək təklif olunur.
Şəhər sakinlərinə tullantıların əvəzinə Moskva Muzeyini, Moskva Müasir İncəsənət Muzeyini, Multimedia-art Muzeyini, “Crocus City Hall”u, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Robostansiya” ekspozisiyasını ziyarət etmək, “Melnitsa”, “Zveri”, “Piknik”, “Lyube” qruplarının, Eros Ramazottinin konsertlərinə getmək təklif olunur. Bundan başqa, “Moskino” kinoteatrlar şəbəkəsinin seanslarına və “Qu gölü”, “Jizel” və “Şelkunçik” klassik balet quruluşlarına biletləri də əldə etmək mümkündür. Biletlər cari ilin sonunadək qüvvədə olacaq.

Ekologiya 2019-08-22 17:26:00