×
A
A
A
Sazlamalar

Çində torpaq sürüşmələri nəticəsində azı doqquz nəfər həlak olub

Bakı, 22 avqust, AZƏRTAC

Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələri nəticəsində azı doqquz nəfər həlak olub, 35 nəfər isə itkin düşüb.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, əyalətdə şiddətli yağışlar avqustun 20-də başlayıb. Təbii fəlakət Nqava-Tibet-Szyan muxtar dairəsindəki Szyuçjayqou, həmçinin Vençun qəzalarına zərər vurub.
Hazırda regionda yaşayan 100 mindən çox insanın təxliyə ediləcəyi gözlənilir. Leysan yağışları və torpaq sürüşmələri səbəbindən 900-dən çox yaşayış binası, avtomobil yolları və bəzi körpülər dağılıb. Su boruları qismən zədələndiyi üçün 58 min yerli sakin içməli su qıtlığı ilə üzləşib.
Hazırda təbii fəlakətdən zərər çəkən rayonlarda axtarış-xilasetmə işləri davam edir.

Dünya 2019-08-22 11:37:00