×
A
A
A
Sazlamalar

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasını toplantıya çağırıblar

Bakı, 22 avqust, AZƏRTAC 

Birləşmiş Ştatların ortamənzilli yerüstü qanadlı raketin sınağı barədə bəyanatından sonra Rusiya və Çin BMT Təhlükəsizlik Şurasını (TŞ) toplantıya çağırıblar. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Moskva və Pekin bu quruma müraciət edərək üzv ölkələrdən Vaşinqtonun “beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən” bu addımına münasibət bildirməsini xahiş ediblər. Onlar BMT TŞ-nın 15 üzvünün təcili olaraq toplanmasını tələb ediblər. Eyni zamanda, təşkilatın tərksilah məsələləri üzrə nümayəndəsi İzumi Nakamitsuya da bu məsələ ilə bağlı müvafiq bəyanat verilməsi ilə bağlı müraciət ünvanlanıb.
Bazar ertəsi günü ABŞ-ın Müdafiə Nazirliyi yerüstü qanadlı raketin uğurlu buraxılışı barədə bəyanat verib. Moskva və Pekin hesab edirlər ki, bu addım 1987-ci ildə Birləşmiş Ştatlar və Sovet İttifaqı arasında imzalanan və cari ilin avqustunda ləğv olunan orta və yaxınmənzilli raketlərin ləğvi barədə Sazişin şərtlərinə ziddir. Sınaqdan keçirilən raket özünün yerüstü mobil buraxıcı qurğusundan çıxıb və start meydançasından 500 kilometr məsafədə yerləşən hədəfinə dəqiqliklə zərbə endirib.
Pentaqonun şefi Mark Esper isə Fox telekanalına müsahibəsində bildirib ki, raketin sınağı ABŞ-ın son vaxtlar Rusiya, Çin və Şimali Koreyanın aqressiv hərəkətlərinə cavabıdır. “Biz əmin olmaq istəyirik ki, Çinin pis davranışı və təcavüzkar addımına layiqincə cavab verə biləcəyik” –deyə o vurğulayıb.

Dünya 2019-08-22 11:12:00