×
A
A
A
Sazlamalar

İğtişaşlarla bağlı İndoneziyanın şərqinə əlavə qüvvələr göndərilib

Tokio, 22 avqust, AZƏRTAC 

İndoneziyanın hakimiyyət orqanları ölkənin şərqindəki iki əyalətdə baş verən kütləvi iğtişaşlarla bağlı həmin əraziyə mindən artıq polis və hərbçi göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 22-də “The Jakarta Post” qəzeti məlumat yayıb. Qəzet hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsinə istinadla bildirir ki, yaxın vaxtlarda Papua və Qərbi Papua əyalətlərinə xüsusi təyinatlıların əlavə beş bölməsinin göndərilməsi nəzərdə tutulur.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları və etirazçılar arasında xəsarət alanların olduğu bildirilsə də, həlak olanlar barədə məlumat daxil olmayıb. Bu ərəfədə Qərbi Papua əyalətində etirazçılar bazarın yaxınlığında iğtişaşlar törədərək buradakı çadırları yandırıblar. Yerli administrasiyanın binasına daxil olmaq üçün polisi daşa basıblar. Nəticədə hüquq mühafizə orqanlarının əməkdaşları xüsusi vasitələrdən, o cümlədən gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar.
Milli hüquq-mühafizə orqanı əməkdaşının bildirdiyinə görə, polisə döyüş patronları verilməyib. Kommunikasiyalar və İnformasiya Nazirliyi şayiələrin və yalan məlumatın qarşısını almaq üçün internetə, həmçinin sosial şəbəkələrə girişə məhdudiyyət tətbiq edib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio-0-və

Dünya 2019-08-22 10:46:00