×
A
A
A
Sazlamalar

Bakı Şəhər Prokurorluğu azyaşlının valideyni tərəfindən zəncirlənməsi barədə məlumat yayıb

Bakı, 21 avqust, AZƏRTAC

Bakı Şəhər Prokurorluğu bəzi kütləvi informasiya vasitələrində azyaşlının valideyni tərəfindən zəncirlə bağlanması barədə dərc olunan məlumatlarla bağlı açıqlama yayıb.
Bakı Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, həmin xüsusat üzrə aparılmış araşdırmalar nəticəsində 2010-cu il təvəllüdlü uşağın anası İsmayılova Şəhanə Məhərrəm qızı tərəfindən kirayədə yaşadıqları Nəsimi rayonu, Cavadxan küçəsi, 56 saylı evin 91-ci mənzilində nadinc hərəkətlər etdiyinə görə ayağından zəncirlə bağlamaqla qanunsuz azadlıqdan məhrum edilməsinə əsaslı şübhələr olduğundan faktla əlaqədar avqustun 21-də Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilməklə maddi sübutlar götürülüb, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, tibbi və məhkəmə psixoloji ekspertizaları təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sosial 2019-08-21 20:57:00