×
A
A
A
Sazlamalar

Rusiya ilə Mozambik arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunacaq

Bakı, 21 avqust, AZƏRTAC
Prezident Vladimir Putin Rusiyada rəsmi səfərdə olan Mozambik Prezidenti Filipe Nyusi ilə avqustun 22-də görüşəcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, görüşdə Rusiya-Mozambik əlaqələrinin inkişaf perspektivləri müzakirə ediləcək. Bildirilir ki, həmçinin beynəlxalq və regional gündəmin əsas mövzuları ətrafında fikir mübadiləsi aparılacaq. Danışıqlardan sonra bir sıra ikitərəfli sazişlərin imzalanması da planlaşdırılır.
Mozambik Prezidenti TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi eksklüziv müsahibəsində Rusiya lideri ilə turizm və texnologiya sahələrində investisiyaların cəlb olunmasını müzakirə etməyi planlaşdırdığını deyib: “İndi Mozambik və Rusiya iqtisadiyyatı birgə inkişaf etdirmək üçün ikitərəfli əlaqələrin yeni səhifəsini açmalıdır. Bizim təbii ehtiyatlarımız var. Ümid edirik ki, bu sahədə böyük təcrübəsi olan Rusiya tərəfindən qoyulacaq sərmayələr hesabına xalqın rifah halı yaxşılaşacaq”.
Filipe Nyusi müsahibənin sonunda Vladimir Putinə və Rusiya xalqına dövlət müstəqilliyinin bərpasında və “İday” siklonunun nəticələrinin aradan qaldırılmasında Mozambikə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Dünya 2019-08-21 18:32:00