×
A
A
A
Sazlamalar

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstana yollanıb

Bakı, 21 avqust, AZƏRTAC

Avropa çempionatında iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız Sloveniyada təlim-məşq toplanışını başa vuraraq avqustun 21-də Macarıstana yola düşüb.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, hazırlıq prosesi çərçivəsində millimiz Sloveniya yığması ilə yoldaşlıq oyunu keçirib.
Avropa çempionatının C qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya və Macarıstan yığmaları olacaq. Millimiz ilk oyununu avqustun 23-də Xorvatiya yığmasına qarşı keçirəcək. Avqustun 25-də Azərbaycan–Hollandiya, ertəsi gün Macarıstan–Azərbaycan, ayın 28-də isə Azərbaycan–Estoniya görüşləri oynanılacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək.
Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.
Xatırladaq ki, iki il əvvəl Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıblar.

İdman 2019-08-21 17:40:00