×
A
A
A
Sazlamalar

Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib

Masallı, 21 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 20-21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Lənkəran Şəhər və Masallı Rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, keçirilən tədbirlərdə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun nümayəndələri Oqtay Tağıyev və Bəhruz Kərimov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazıları Hacı Qəni Axundzadə və Mirqiyas Təhməzov, dini icma sədrləri, eləcə də ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda nümunəvi dövlət-din münasibətləri, dini sahəyə diqqət və qayğı, dini radikalizmlə mübarizə, milli təhlükəsizliyə qarşı təhdidlər, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi mövzularında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, bu gün bəzi qüvvələr İslam dininə mənsub olan hansısa bir ölkəyə təsir göstərmək üçün məzhəblər arasında qarşıdurma yaratmağa çalışırlar. Yaxın Şərqdə uzun müddət məhz məzhəbçilik üzərindən aparılan düşmənçilik təbliğatı nəticəsində minlərlə günahsız insan öldürülüb, işgəncəyə məruz qalıb. Din və məzhəb üzərindən nifrət yayılması müsəlmanlar arasında bölünməni daha da dərinləşdirib, düşmənçiliyə səbəb olub.
Məzhəbçiliyə qarşı maarifçilik prinsipindən çıxış etməyin zəruriliyinin də vurğulandığı tədbirlərdə respublikamızda 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə Prezident İlham Əliyevin dünyada dini məzhəbçilik zəminində baş verən münaqişələrin həlli üzrə yol xəritəsini göstərməsi diqqətə çatdırılıb.
Bildirilib ki, dini zəmində ixtilafların süni şəkildə qabardıldığı bir zamanda, Azərbaycanda Vəhdət namazının qılınması ilə bütün dünya üçün olduqca gözəl örnəyin əsası qoyulub. Ölkədə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi Azərbaycanı gücləndirən amillərdən biridir. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir və bu, dünya birliyi tərəfindən də etiraf olunur.
Seminar-müşavirələrdə Ulu Öndərin milli-mənəvi dəyərlərin dirçəldilməsi və qorunub-saxlanılması istiqamətindəki fəaliyyətindən, həyata keçirdiyi mühüm tədbirlərdən, eləcə də DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli filmin önəmindən də bəhs olunub.
Dini radikalizmlə mübarizədə fəallığa, eyni zamanda, din pərdəsi adı altında səsləndirilən ifadələr və çağırışlara qarşı diqqətli olmağın vacibliyinə toxunulan tədbirlərin sonunda, vətəndaşlara Məhərrəm ayı ərzində dini ayinlərin icrası zamanı QMİ-nin verdiyi fətvanın tələblərinə ciddi riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.

Regionlar 2019-08-21 17:35:00