×
A
A
A
Sazlamalar

“Vien Group” “Caspian Energy Forum Baku – 2019”un tərəfdaşı olub

Bakı, 21 avqust, AZƏRTAC

“Tərəfimizdən təşkil olunan IX Beynəlxalq “Caspian Energy Forum Baku-2019”un Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının neft və qeyri-neft sektorunu təmsil edən şirkət nümayəndələri arasında böyük maraq doğurmasına şadıq. Olduqca qısa müddət ərzində xeyli sayda şirkət tərəfdaş olmaq arzusunu bildirib və forumda iştirak üçün nümayəndə qismində qeydiyyatdan keçib. Bu, keçirdiyimiz beynəlxalq tədbirin əhəmiyyətindən xəbər verir. Sıx əməkdaşlıq etdiyimiz “Vien Group” sentyabarın 19-da Azərbaycanın paytaxtında keçiriləcək IX Beynəlxalq “Caspian Energy Forum Baku-2019”un tərəfdaşı olub. IX Beynəlxalq “Caspian Energy Forum” “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və “Caspian Energy” jurnalının 20 illik yubileyinə həsr olunub”.
AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
““Vien Group” Azərbaycan bazarında kifayət qədər fəal çalışır və sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club”un etibarlı tərəfdaşıdır. Biz bu şirkətlə əməkdaşlıqdan məmnunuq və tərəfdaşlığımızın gələcəkdə daha da fəallaşmasını arzu edirik”, - deyə Telman Əliyev söyləyib.
“Biz bütün dünya şirkətləri ilə sıx əməkdaşlıq qurmağa çalışırıq. Bu strategiyaya sadiq qalaraq Qazaxıstan, Rusiya Federasiyası, Sinqapur, Yaponiya və sair ölkələrin şirkətləri ilə uğurlu layihələr həyata keçirmişik. Sıx tərəfdaşlıq əlaqələri qurmaq və qarşılıqlı mənfəətli strategiyaya əməl etməklə məqsədə nail olmaq fəaliyyətimizin əsasını təşkil edir”, - deyə “Vien Group”un baş direktoru Qabil Mustafayev bildirib.
“Caspian Energy Forum Baku – 2019”un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq nümayəndə iştirak edəcək. Onların sırasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, Nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.
“Caspian Energy Forum Baku – 2019” üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrin həyata keçirilməsi mövzusuna həsr ediləcək. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada IKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək, kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”un tərəfdaşları sırasında, həmçinin “Azpetrol ltd” ASC, “AzerTelecom” ASC, “ICODS Hilmer GMBH, “Hellmann Worlwide Logistics”, “Nərimanfilm” şirkəti və “AzeriСard” ASC də var.
Forumda iştirak üçün qeydiyyat: “http://caspianenergyforum.com”
“Vien Group” Azərbaycanda sürətlə inkişaf edən inşaat şirkətlərindən biridir. Tikinti, tikinti zamanı müvəqqəti qurğuların montajı üzrə layihələrdə, müxtəlif növ beton, metal və polad qurğuların istehsalında və quraşdırılmasında, müxtəlif növ boru sistemlərinin quraşdırılmasında, qaynaq, qumvurma və rəngləmə işlərində iştirak edən şirkət 5 ildir ki, Azərbaycanın tikinti, sənaye və neft-qaz sektorunun inkişafına öz töhfəsini verir.

İqtisadiyyat 2019-08-21 17:30:00