×
A
A
A
Sazlamalar

Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması diqqətdə saxlanılır

Bakı, 21 avqust, AZƏRTAC 

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhəri ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, maarifləndirmə tədbirinin keçirilməsində məqsəd əhaliyə çimərliklərdən düzgün istifadə qaydaları, zərərçəkmişlərin xilas edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi barədə biliklərin aşılanması olub.
Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Sumqayıt”, “Corat” və “H.Z.Tağıyev” xilasetmə məntəqələrinin əməkdaşları, eləcə də şəhər sakinləri iştirak ediblər.
Mərkəzin və xilasetmə məntəqəsinin əməkdaşları çimərliklərdə istirahət edən vətəndaşlara su hövzələrində təhlükəsizlik qaydalarına riayət edilməsi, suda zərərçəkmişə ilkin yardımın göstərilməsi, qadağanedici nişanlara əməl olunması və çimərliklərdə sanitar-gigiyena qaydalarının tələblərinin yerinə yetirilməsi barədə ətraflı məlumat veriblər.
Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında və operativ şəkildə alınması üçün bütün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində də tövsiyələr verilib. Vətəndaşlara mövzuya aid bukletlər, müxtəlif maarifləndirmə xarakterli təbliğat materialları paylanılıb suallar cavablandırılıb.

 

Sosial 2019-08-21 16:16:00