×
A
A
A
Sazlamalar

“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub

Bakı, 21 avqust, AZƏRTAC
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti – 45-ci nömrəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, nəşrin baş redaktoru Xəlil Qarəhmədov, layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Rəhimə Dadaşova, baş elmi məsləhətçisi isə professor, tarix elmləri doktoru Anar İsgəndərovdur.
Jurnalda QMİ sədrinin həyatı və fəaliyyəti barədə müfəssəl məlumat verilir. Bildirilir ki, 1949-cu ildə Lənkəranın Cil kəndində dünyaya gələn Allahşükür Paşazadə uşaqlıq illərində orta məktəbdə oxumaqla yanaşı, cənub bölgəsinin din xadimlərindən, ilahiyyatçı alimlərindən İslam dininin əsaslarını mənimsəyib, ilk dini biliklərə yiyələnib. Allahşükür Paşazadə 1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olub, buranı bitirdikdən sonra dini təhsilini Daşkənd İslam Universitetində davam etdirib. 1975-ci ildə həmin universiteti bitirərək Azərbaycana qayıdan Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi təyin olunub. 1978-ci ildə isə Təzəpir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini seçilib. 1980-ci ildə isə A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib.
QMİ sədri 1986-cı ildən İordaniya Kral Akademiyasının üzvüdür. Şeyxülislam A.Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədri, MDB Müsəlmanları Məşvərət Şurasının sədri, QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin sədridir.
A.Paşazadə dini, ictimai fəaliyyətinə görə çoxsaylı beynəlxalq və yerli dövlət mükafatlarına, orden və medallara layiq görülüb. Elmi fəaliyyətlə də məşğul olan QMİ sədri Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır. 1991-ci ildə Bakı İslam Universitetinin təsis edən A.Paşazadə, həmçinin Aşura mərasimləri zamanı ehtiyacı olan insanlar üçün qan verilməsi ənənəsinin əsasını qoyub.
Nəşrdə, eyni zamanda, dövlət və hökumət başçılarının, ölkəmizdə və beynəlxalq aləmdə böyük nüfuza malik ictimai-siyasi xadimlərin A.Paşazadə haqqında məqalələri və ürək sözləri yer alır. Məqalələrdə qeyd edilir ki, Şeyxülislam Allahşükür Paşazadə görkəmli din xadimi kimi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, dini-tarixi abidələrinin bərpası, ənənəvi adətlərimizin yeni formada inkişafı naminə irəli sürülən bir çox layihələrin müəllifidir. Dağılmaq təhlükəsi ilə üz-üzə olan yüzlərlə dini abidəmiz məhz Allahşükür Paşazadənin şeyxülislamlığı dövründə bərpa olunaraq dindarların istifadəsinə verilib. Şeyxülislamın dinlərarası, konfessiyalararası əməkdaşlıq prosesinə dəyərli xidmətləri, Azərbaycanın multikultural həyat modelinin, dövlət-din münasibətlərinin yüksək səviyyəsinin formalaşmasında rolu xüsusi vurğulanır.

Cəmiyyət 2019-08-21 13:35:00