×
A
A
A
Sazlamalar

Nur-Sultanda “C5+1” toplantısında Orta Asiyanın təhlükəsizliyi müzakirə edilib

Nur-Sultan, 21 avqust, AZƏRTAC

Qazaxıstanın paytaxtında Mərkəzi Asiya ölkələrinin Xarici İşlər nazirlərinin və ABŞ Dövlət Departamenti Dövlət katibinin “G5+1” formatında yüksək səviyyəli görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Nur-Sultan şəhərində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan xarici işlər nazirlərinin və ABŞ dövlət katibi müavininin iştirakı ilə keçirilən görüşdə ticarət, iqtisadi və investisiya əlaqələrinin inkişafı, həllinə regional yanaşma tələb edən yeni təhlükəsizlik çağırışları və təhdidləri müzakirə edilib.
"C5+1" formatı Orta Asiyanın beş ölkəsi və ABŞ arasında iqtisadiyyat, ekologiya və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətin çoxtərəfli mexanizmidir.
İkitərəfli diplomatiya və beynəlxalq tərəfdaşlıq olmadan regional təhlükəsizliyin mümkünsüzlüyünü bildirən Qazaxıstan Xarici işlər naziri Beybit Atamkuov "C5+1" formatının bölgənin təhlükəsizliyini və davamlı inkişafını təmin etmək üçün dialoqun təşviqi üçün vacib bir vasitə olduğunu qeyd edib. XİN başçısı regionlararası əlaqələri, nəqliyyat dəhlizlərini dəstəkləmək, infrastruktur layihələrini həyata keçirmək və regional təhlükəsizliyi təmin etmək məqsədi daşıyan bu əməkdaşlıq strategiyasının bölgə ölkələrinin maraqlarına tam uyğun olduğunu vurğulayıb.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Dünya 2019-08-21 13:28:00