×
A
A
A
Sazlamalar

Hərbi pilot Rəşad Atakişiyev ilə vida mərasimi keçirilib

Bakı, 21 avqust, AZƏRTAC

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev ilə avqustun 21-də vida mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev, Fövqəladə Hallar Nazirliyinin məsul zabitləri, Türkiyə Respublikası hərbi attaşelik aparatının əməkdaşları və ictimaiyyətin nümayəndələri, mərhumun xidmət yoldaşları pilotun valideynlərinə və yaxınlarına başsağlığı veriblər.
Mərasimdə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani polkovnik-leytenant R.Atakişiyevin həyat və döyüş yolu barədə məlumat verib. Bildirilib ki, R.Atakişiyev 1985-ci il yanvarın 7-də Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olan R.Atakişiyev 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərən pilot “polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlib. R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddətdə peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb. Onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə bir neçə medal ilə təltif olunub.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində, eləcə də ötənilki möhtəşəm hərbi paradlarda onun nümunəvi uçuşları yüksək qiymətləndirilib.
Hərbi Hava Qüvvələrinin məsul zabitləri, polkovnik Elşad Pənahov və polkovnik Zaur Rüstəmov çıxış edərək Rəşad kimi vətənpərvər zabitlə xidmət etməkdən qürur duyduqlarını və Ordumuzda onun kimi hərbi qulluqçuların yetərincə olduğunu vurğulayıb, mərhumun ailə üzvlərinə və əzizlərinə dərin hüznlə başsağlığı verib, “Vətən sağ olsun!” deyiblər.
Pilotun atası Saləddin Atakişiyev təyyarənin qəzaya uğraması nəticəsində həlak olan oğlunun nəşinin axtarışlarının təxirəsalınmaz tədbirlərlə aparıldığına və dəfnin əsgəri ənənələrə uyğun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib: “Mən Rəşad kimi oğulla fəxr edirəm. Qürur duyuram ki, bu gün onun cənazəsi üzərinə üçrəngli Azərbaycan bayrağı sərilib. Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Nə etməli, bu, ona qismət olmadı. Mən bu gün sizin qarşınızda bir daha söz verirəm ki, iki oğlumla birlikdə Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazıram. Vətən sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Ailəsi və doğmaları mərhumla vidalaşdıqdan sonra polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi dəfn edilməsi üçün hərbi orkestrin ifasında matəm marşının müşayiəti ilə II Fəxri xiyabana yola salınıb.
Polkovnik-leytenant R.Atakişiyev hərbi və dini ənənələrə uyğun olaraq yaylım atəşləri və Azərbaycan Respublikasının dövlət himninin sədaları altında Vətən torpağına əmanət edilib, məzarı üzərinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, eləcə də Hərbi Hava Qüvvələrinin və digər qurumların adından əklil və tər qərənfillər düzülüb.
Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov cənazə üzərinə sərilən üçrəngli Azərbaycan bayrağını əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə təqdim edib.
Zabit R.Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva müqəddəs bayrağı qəbul edərək, “Rəşadın yadigarlarını, Turqut və Qabili onun adına layiq, bu bayrağa sədaqət ruhunda tərbiyə edəcəyəm. Vətən sağ olsun!”, - deyib.
Din xadimi şəhidlərin ruhuna dualar oxuyub.
Pilot Rəşad Atakişiyevin qayınatası, professor Qabil Hüseynli zabit ailəsinə göstərilən böyük diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Ordu 2019-08-21 11:02:00