×
A
A
A
Sazlamalar

Pakistan Hindistanla mübahisəli Kəşmir məsələsi ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət etmək fikrindədir

İslamabad, 21 avqust, AZƏRTAC

Pakistan Hindistanla mübahisəli Kəşmir məsələsi ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət etmək fikrindədir.
AZƏRTAC xəbər verir ki, bu haqda Pakistanın Xarici İşlər naziri Şah Mahmud Kureşi “Ary News” televiziya kanalına müsahibəsində bildirib.
Xatırladırıq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit olunan, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Cammu və Kəşmirin yerinə federal hökumətin təşəbbüsü ilə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisi yaradılacaq. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib və bundan sonra Pakistanla münasibətlər daha da gərginləşib, tərəflər sərhədə qoşun yığmağa başlayıb. Pakistan və Hindistan artıq üçüncü dəfədir ki, Kəşmir məsələsi ilə bağlı müharibə həddinə çatır. Onu da deyək ki, hazırda hər iki ölkə nüvə silahına malikdir.
Son vaxtlar isə Pakistan Hindistanla diplomatik münasibətlərin səviyyəsinin aşağı düşməsi fonunda ölkələr arasında ikitərəfli ticarət əlaqələrinə son qoyub, tərəflər arasında əvvəllər bağlanan bir sıra sənədlərə yenidə baxmaq istəklərini ifadə ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Dünya 2019-08-21 06:07:00