×
A
A
A
Sazlamalar

“Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsinin qalibləri ölkəmizin Pakistandakı səfirliyində olublar

İslamabad, 20 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Xarici İşlər və Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Pakistan gəncləri arasında artıq 3-cü ildir ardıcıl olaraq keçirilən builki “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsində 600-dən artıq pakistanlı gənc iştirak edib. Esse yazıları əsasən “Qarabağ münaqişəsinin reallıqları”, “Azərbaycan Diplomatiyasının 100 illiyi”, “Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri”, “Azərbaycanın görkəmli şairi İmaməddin Nəsimi və onun poemaları”, “Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti”, “Azərbaycanın əhalisi, dili və adət-ənənələri”, “Azərbaycanın beynəlxalq siyasətdəki rolu”, “Azərbaycanlıların soyqırımı”, “Azərbaycan və Pakistan: tarixi əlaqələr və perspektivlər”, “Azərbaycan qədim mənbələrdə”, “Azərbaycanın iqtisadi inkişafı” və digər mövzuları əhatə edib. Onların arasından 6 nəfər qalib seçilib.
Azərbaycanın Pakistandakı səfirliyində keçirilən görüşdə qalibləri təbrik edən səfir Əli Əlizadə ölkəmizə göstərdikləri marağa görə onlara təşəkkür edib. Səfir onların yazılarının önəmli mövzuları əhatə etdiyini və qalibləri avqustun sonunda Azərbaycana bir həftəlik səfər gözlədiyini qeyd edib. Səfər zamanı onlar ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi nailiyyətləri, həqiqətləri ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.
Azərbaycanın Pakistana verdiyi önəm, ölkəmizin siyasi və tarixi reallıqları, sosial-iqtisadi inkişafı, hər iki ölkə liderlərinin səyləri ilə möhkəm təməllər üzərində bərqərar edilən dostluq və qardaşlıq münasibətləri, təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında məlumat verən səfir onların Azərbaycandan xoş təəssüratlarla qayıdacaqlarına inamını ifadə edib.
Müsabiqənin qalibləri yaradılan şəraitə və təşkilatçılığa görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirərək ölkəmiz haqqında öz fikirlərini bölüşüb, eşitdikləri və görmək istədikləri Azərbaycana səfər etməyin həyəcanını yaşadıqlarını qeyd ediblər.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Mədəniyyət 2019-08-20 22:10:00