×
A
A
A
Sazlamalar

Saatlıda Məhərrəmlik mərasimlərinin təşkili məsələləri müzakirə olunub

Bakı, 20 avqust, AZƏRTAC 

Avqustun 20-də Saatlı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Saatlı rayonu Sarıcalar kənd məscidi dini icmasında Məhərrəmlik mərasimlərinin təşkili ilə bağlı maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azər Həsənov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı şəhər “Yeni” məscidi dini icmasının imam müavini Mahir Əmirov, Sarıcalar kənd məscidi dini icmasının sədri Qasım İbişov, Qara Nuru kənd “Fatimeyi-Zəhra” məscidi dini icmasının sədri Mahir Abıyev, dini icmanın üzvləri, dindarlar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Azər Həsənov Azərbaycanda milli ruhun yüksəlməsində ulu öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edib, dövlət müstəqilliyimizin bərpasından sonra Ümummilli Liderin ölkəmizdə formalaşdırdığı azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.
Elvin İbrahimov İslam dünyasının bir parçası olan Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışıb, İslam dininin milli-mənəvi dəyərlərimizdə, adət-ənənələrimizdə, həyat tərzimizdə dərin izlər buraxdığını qeyd edib.
Mahir Əmirov çıxış edərək İslam ölkələrində dövlət-din münasibətlərinin müxtəlif formalarda olduğunu, Azərbaycanda bu münasibətlərin dünyəvilik prinsiplərinə söykəndiyini, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dini mərasimlərini azad şəkildə icra etdiyini, onların arasında dünyəvilik prinsiplərinə əsaslanan tarazlığın qorunub saxlanıldığını diqqətə çatdırıb.
Qasım İbişov və Mahir Abıyev rayonda dini mərasimlərin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə, adət-ənənələrimizə ciddi riayət olunduğunu bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Cəmiyyət 2019-08-20 18:34:00