×
A
A
A
Sazlamalar

Əcnəbi könüllülər “ASAN xidmət”də YENİLƏNİB VİDEO

Bakı, 20 avqust, AZƏRTAC
Avqustun 18-dən etibarən Türkiyə, Nigeriya, Maldiv, Liberiya, Əfqanıstan, Gürcüstandan olan gənclər “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyətə başlayıblar. Layihə “ASAN xidmət”, “ASAN Könüllülük” Məktəbinin “Yaşıl ASAN” proqramı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması” layihəsi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsünün birgə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi ölkəmizdə ekoloji istiqamətdə həyata keçirilən tədbirlərin, könüllülük fəaliyyətinin tanıdılması, iqlim dəyişikliyinə qarşı mübarizəyə diqqətin cəlb edilməsidir. Həmçinin müvafiq istiqamətdə beynəlxalq tərəfdaşlığın qurulması və ekoloji layihələrin təşkili, gənclər tərəfindən ekoloji problemlərin həllində iştirakçılığın artırılması əsas hədəflərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında əcnəbi könüllülərin təcrübə proqramının rəhbəri Səkinə Həsənova məlumat verib.
Onun sözlərinə görə, bu proqram üç ildir həyata keçirilir: “Bu müddət ərzində 30-dan çox könüllü həmin proqramda məzun olub. Builki proqramda 8 əcnəbi iştirak edir. Avqustun 30-dək davam edəcək təcrübə proqramı çərçivəsində iştirakçılar üçün Bakı, Şəki və Quba şəhərlərində ekoloji layihələrin idarəedilməsi istiqaməti ilə yanaşı, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və Azərbaycanın mədəniyyəti ilə tanışlıq məqsədilə ekskursiyalar təşkil olunacaq. Həmçinin könüllülər bir sıra təlimlərdə iştirak edəcəklər. Ekoloji muzeylərə də ekskursiyaların keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, onlar bu müddət ərzində, ASAN Könüllülərinin fəaliyyəti ilə tanış olacaq, həmçinin regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhaliyə dəstək həyata keçirəcəklər”.

Sosial 2019-08-20 16:33:00

Video