×
A
A
A
Sazlamalar

Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək VİDEO

Biləsuvar, 20 avqust, İsmayıl Cəfərli, AZƏRTAC

Yüksək məhsul əldə etmək üçün bu il Biləsuvarda ilk dəfə olaraq yeni texnologiyalar əsasında 30 hektar sahədə xarici pomidor şitilinin əkini həyata keçirilib. Barvermə ərəfəsində olan bitkinin növbəti ay yığımına başlanılacaq.
AZƏRTAC xəbər verir ki, respublikamızda aqrar sektorun çoxşaxəliliyinin təmin olunması məqsədilə fermerlərə göstərilən dövlət qayğısı son illər Biləsuvar rayonunda da bu sahənin sürətli inkişafına səbəb olub. Təkcə rayonun Səmədabad kəndində aparılmış yüksək meliorativ və aqrotexniki tədbirlər nəticəsində indiyə kimi 1000 hektarlarla yararsız sahələr əkin dövriyyəsinə qatılıb. Tərəvəzçiliyin, eləcə də, qeyri-ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalına nail olunması üçün əraziyə yerli sahibkarlar və xarici mütəxəssislər cəlb olunub. Bölgənin iqliminə və torpaq növünə uyğun olaraq İran, Türkiyə və İtaliyadan gətirilən 450 min ədəd pomidor şitili açıq sahəyə köçürülüb və hazırda mütərəqqi metodlarla becərilir.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarəti ilə rayonda təkrar əkinçiliyin tətbiqi sayəsində demək olar ki, yazın əvvəlindən qış aylarınadək bazarlar tər məhsullarla təmin edilir.
Fermer İlham Ağayev bu il sahələrdən bol məhsul götürəcəklərini deyir: “Bu pomidor sahəsi 30 hektara yaxındır. Yeni texnologiya, yeni avadanlıqlar və yeni su sistemi tətbiq etmişik. Halbuki, bu yerlərə əvvəllər su belə gəlmirdi. İndi biz müasir avadanlıqlarla damcı suvarma sistemi ilə 30 hektar ərazini suvarırıq. 45 gündən sonra məhsul yığacağıq. Məhsuldarlıq bol olacaq. Buna əsas şərait yaradan isə dövlətimizin bizə verdiyi dəstəkdir. Məhz bu dəstək sayəsində işimizi qurmuşuq”.
Onun sözlərinə görə, sahələrdə 3 sort pomidor becərilir. “Qonşu Türkiyə və İrandan yeni sortlar gətirmişik. Bir problem olmasa, hər hektardan ən azı 45-50 ton məhsul götürəcəyik. Əsas məqsədimiz odur ki, dövlətin bizə yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək”, - deyə fermer bildirib.
Tərəvəzçilikdə sağlam və keyfiyyətli toxumlardan istifadə də bu baxımdan önəmlidir. Bu barədə danışan Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli isə qeyd edib ki, toxuma olan tələbatın yerli istehsal hesabına ödənilməsi üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda iş aparılır. Belə ki, bu ildən virusa yoluxmayan, sağlam toxumların istehsalına başlanılıb. Yaxın illərdə idxal olunan toxumların qarşısı alınacaq və bütün fermerlər yerli, respublikamızın torpaq iqlim şəraitinə uyğunlaşdırılmış toxumlarla təmin olunacaqlar.

Kənd təsərrüfatı 2019-08-20 16:28:00

Video