×
A
A
A
Sazlamalar

Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 20-də Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının Baş katibinin müavini Tatyana Fyodorovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Assambleyanın fəaliyyəti, mədəni-humanitar əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələr, görüləcək işlər, eləcə də sentyabrın 30-dan oktyabrın 4-dək ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Baş katibin müavini Tatyana Fyodorova assambleya günlərinin əhəmiyyətindən söz açaraq, bu çərçivədə müxtəlif sahələr üzrə keçiriləcək görüş, dəyirmi masa, forum və mədəni tədbirlər haqqında məlumat verib. Bildirib ki, tədbirlərdə hökumət və qeyri-hökumət təşkilatları, elm və mədəniyyət xadimləri və jurnalistlərin iştirakı nəzərdə tutulur. Assambleya günlərinin keçirilməsində əsas məqsəd Avrasiya xalqları arasında beynəlxalq mədəni, humanitar və iqtisadi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulmasıdır.
Nazir müavini Rafiq Bayramov ölkəmizdə bu kimi tədbirlərin mütəmadi olaraq keçirildiyini və Mədəniyyət Nazirliyi tərəfindən belə layihələrə daim dəstək göstərildiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, assambleya günləri çərçivəsində keçiriləcək tədbirlərə də nazirlik tərəfindən lazımi köməklik göstəriləcək.
Görüş assambleya ilə gələcəkdə müxtəlif sahələr üzrə birgə əməkdaşlığa dair müzakirələrlə davam edib.

Mədəniyyət 2019-08-20 16:03:00