×
A
A
A
Sazlamalar

Azərbaycan misirli turistlərin gözü ilə VİDEO

Bakı, 20 avqust, Məmməd Məmmədli, AZƏRTAC

Tarix boyu Azərbaycan məşhur səyyahların, görkəmli şəxslərin marağını cəlb edib. Onlar ölkəmizin qədim, minilliklərə söykənən zəngin mədəniyyətini, coğrafi mövqeyini, gözəlliyini “Səfərnamə”lərində böyük vurğunluqla əks etdiriblər. Hələ XIII əsrin əvvəllərində flamand səyyahı, eyni zamanda rahib Vilhelm Rubruk Dərbəndə gəlmiş və bu yerlərdə böyük bir şəhər salındığını göstərmişdir. Maraqlıdır ki, I əsrdə Domisian adlı Roma imperatorunun XII legionu Qobustanda olmuşdur. Qayaüstü yazılar da bunu deməyə əsas verir. 1858-ci ildə isə məşhur fransız yazıçısı Aleksandr Düma öz qeydlərində Bakıda Yanar dağdan heyrətə gələrək gördüklərini qələmə almışdır.
Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Müasir dövrdə turistlərin Azərbaycana axını artıq kütləvi hal alıb. Son illər vətənimiz turizm ölkəsinə çevrilib. Dünyanın dörd bir yanından buraya turistlər gəlir.
AZƏRTAC ənənəsinə sadiq qalaraq yenə də ölkəmizə gələn turistlərdən müsahibələr alaraq onların təəssüratlarını oxucularla bölüşür. Budəfəki həmsöhbətlərimiz “Zakher Travel” turizm şirkətinin xətti ilə ölkəmizə gəlmiş Misir vətəndaşlarıdır. Misirli turistlərin Azərbaycana səfəri bu ölkənin “Abosamra Travel” şirkəti ilə bağlanmış müqavilə əsasında həyata keçirilir.
Yeri gəlmişkən, qeyd edək ki, avqustun 7-də ölkəmizə birbaşa çarter reysi ilə Misirin Qahirə şəhərindən ilk uçuş baş tutub. “PAS” hava yollarına məxsus təyyarələrlə reallaşdırılan ardıcıl çarter uçuşların birincisi Azərbaycanın Qəbələ hava limanında reallaşdırılıb. Bu səfərdə 70-ə yaxın turistin qonaqlanmasını və Azərbaycanın müxtəlif regionlarında gəzintisini təmin və təşkil edən “Zakher Travel” ölkəmizdə turizm sahəsinin inkişafı üçün mühüm istiqamətin başlanğıcını qoymuşdur. Misirdən birbaşa çarter uçuşlar 7 istiqamət üzrə aparılacaq. Ümumiyyətlə, çarter reysləri vasitəsilə Azərbaycana 600-dək misirli turistin gələcəyi gözlənilir.
Qayıdaq Misirli turistlərin təəssüratlarına. Onlarla görüşümüz müasirliklə qədimliyin qovuşduğu Bakının ən möhtəşəm tikililərindən biri sayılan Heydər Əliyev Mərkəzinin qarşısında baş tutdu. Misirli turistlər qeyd edirdilər ki, bu fərqli arxitektura nümunəsi Azərbaycan paytaxtının mənzərəsinə daha da gözəllik qatır. Onların fikrincə, binanın daxili və xarici görünüşünün bir-birini tamamlaması diqqəti cəlb edən məqamlardandır.
Azərbaycanı ilk dəfədir ziyarət etdiyini söyləyən misirli Abdelaziz Etman burada olmasından məmnunluqla danışıb. Deyib ki, onun bura gəlişinin əsas səbəbi hər iki ölkənin bir-birinə heç də uzaq olmayan məsafədə yerləşməsi və son zamanlar Azərbaycanda turizmin böyük vüsətlə inkişaf etməsidir. Bakının təhlükəsiz, eyni zamanda, memarlıq baxımından cəlbedici bir şəhər olması, xalqımızın səmimiyyəti, insanpərvərliyi misirli turistə olduqca xoş təsir bağışlayıb.
Bu səfərə çıxmazdan əvvəl Bakıda olan həmyerlilərindən ölkəmizlə bağlı xeyli məlumat öyrəndiyini söyləyən Hebatallah Fathy deyib: “Eşitdiyim xoş və maraqlı məlumatlar məni Azərbaycana gəlməyə həvəsləndirdi. Gəldim və eşitdiklərimin həqiqət olduğunu gözlərimlə gördüm. Burada insanların istiqanlılığının, qonaqpərvərliyinin şahidi oldum”. H.Fathy Misir və Azərbaycan xalqları arasındakı bəzi oxşarlıqlardan da danışıb. Bildirib ki, hər iki ölkənin xalqları eyni dinə - İslama ibadət edirlər. Bir-birinə qarşı həssas və qayğıkeşdirlər. Bu isə onların bir-birini anlamasına, başa düşməsinə imkan yaradır.
Yeri gəlmişkən, Azərbaycan kontekstində də ölkənin diversifikasiyası, regionların inkişafı üçün məhz turizm sənayesi həlledici əhəmiyyət kəsb edir. Turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur. Bu sahədəki ən mühüm yeniliklərdən biri də “ASAN Viza” sisteminin tətbiqidir. Məhz ölkəmizə turist axınını sürətləndirən əsas məqamlardan biri də bu sistemlə bağlıdır.
Bakıya “ASAN Viza” ilə daxil olan Ahmed Abdelmoneim Azərbaycan hökumətinə turistlər üçün yaratdığı şəraitə görə təşəkkürünü bildirib. Qeyd edib ki, “ASAN Viza” sisteminin tətbiq edilməsi onun kimi minlərlə misirli turistin Azərbaycana gəlişini asanlaşdırıb. O, Azərbaycana gəlməzdən əvvəl ölkəmiz haqqında internet üzərindən məlumat toplayıb və ölkəmizin müstəqillik uğrunda apardığı mübarizədə böyük itkilərlə üzləşdiyini öyrənib. Elə bu səbəbdən də Bakının qədim abidələrini ziyarət etməklə yanaşı, Şəhidlər xiyabanına baş çəkməyi özünə borc bilib.
Qahirədən olan Amr Abbeimohsen Qubanı, Qəbələni və paytaxtımızı ziyarət edərkən belə bir fikrə gəlib ki, Azərbaycanın təbiəti və bölgələri özündə unikal olan xüsusiyyətləri cəmləşdirir. Turist, həmçinin burada Avropadan fərqli olaraq qiymətlərin aşağı olduğunu vurğulayıb. “Bu isə Misir vətəndaşları üçün olduqca sərfəli və münasibdir”, - deyə söyləyib.
Yuxarıda qeyd etdiyimiz kimi, “Zakher Travel” turizm şirkəti Misir vətəndaşlarının ölkəmizə cəlb olunmasında xüsusi rol oynayır.
Şirkətin departament rəhbəri Ülviyyə İsmayılzadə deyib: “Misirdən Azərbaycana çarter reysləri açılıb. Bu vaxta qədər 140 qonaq qarşılamışıq və daha 600 turistin gəlişinə proqnoz veririk. Misir bizim üçün yeni istiqamətdir. Bu qrupla biz artıq həmin istiqamətin başlanğıcını qoyduq. Hədəfimiz isə gələn qonaqların sayını artırmaqdır. Bizim qruplarda daha çox istirahət mərkəzlərinə gələn turistlər üstünlük təşkil edir. Yaxın zamanlarda isə konfransda iştirak etmək məqsədilə gələn qonaqlarımız da olacaq”.
Ü.İsmayılzadə onu da qeyd edib ki, Misir qrupları şirkətə fərqli bir istiqaməti də göstərdi. Bu onunla izah edildi ki, adətən Körfəz ölkələrindən gələn ərəblər daha çox təbiətə üstünlük verirlər. Misirlilər isə onlardan fərqli olaraq tarixi abidələrə, muzeylərə də maraq göstərirlər.
Azərbaycanda beynəlxalq statuslu hava limanlarının birindən aşağı büdcəli uçuşların təşkili turizmin inkişafı üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Kutaisi Beynəlxalq Hava limanı bu baxımdan yaxşı bir nümunədir və dünyanın bir çox yerindən uçuşlara ev sahibliyi edir. Məsələn, keçən il Gürcüstana 8 milyon turist səfər edib. Bu rəqəm Gürcüstanı Azərbaycan üçün prioritet turist mənbəyinə çevirə bilər. Tbilisidən Qazax sərhədimizə qədər olan məsafə təxminən 50 kilometrdir. Bu da Gürcüstanın məşhur istirahət bölgələrindən sayılan Borjomi, Batumiyə qədər olan məsafədən daha azdır. Bu, o deməkdir ki, Kutaisi Beynəlxalq Hava limanına enmiş turistləri ölkəmizə cəlb edə bilərik. Bunun üçün Qazax və Balakən sərhəd keçid-buraxılış məntəqələrinə “ASAN Viza” aparatlarının yerləşdirilməsi təmin edilməlidir. Əgər bu mümkün olarsa, turistlər sərhəd keçid-buraxılış məntəqələrində asanlaşdırılmış viza əldə edə bilər və ölkəmizə də turist axını daha da sürətlənər.
Turizm şirkətinin sözçüsü deyib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 15 ölkənin vətəndaşlarına sadələşdirilmiş viza prosedurlarının tətbiqi bu sahədə böyük irəliləyişlərə səbəb olub. Yaxşı olardı ki, sadələşdirilmiş viza rejimi quru sərhədlərimizdə də tətbiq edilsin. Əgər bu sistem quru sərhədlərimizdə də tətbiq edilərsə, nəticədə Gəncə, Göygöl, Qax, Şəki və digər bölgələrimizə turistlərin axını daha da sürətlənər.
Bir sözlə, söhbət turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevrilməsindən gedir. Son vaxtlar bu istiqamətlərdə müsbət dinamika güclənməkdədir. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Bundan başqa, iş adamlarında turizm sahəsinə böyük maraq yaranıb. 10 il əvvəl ölkədə cəmi 32 turizm şirkəti vardısa, bu gün onların sayı 100-dən çoxdur. Dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətlərdə fəal işlər görülür. Ölkənin turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədilə kitablar, bukletlər, disklər hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklamlar nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internet imkanlarından geniş istifadə olunur. İlbəil ölkəyə gələn turistlərin sayı artır. Bu yüksək göstəricilər Dünya Turizm Təşkilatı tərəfindən də qeyd olunub. Bu, ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin nəticəsi olmaqla yanaşı, həm də dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqətin təzahürüdür. Bütün bunlar ümid etməyə tam əsas verir ki, növbəti illərdə bu sahədə uğurlarımız daha da çox olacaqdır.

Turizm 2019-08-20 15:20:00

Video