×
A
A
A
Sazlamalar

Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ayının yekunlarına həsr edilmiş xüsusi müşavirə keçirilib. Tədbirdə 2019-cu ilin altı ayı ərzində sosial-iqtisadi sahədə həyata keçirilən proqramlar müzakirə edilib. Prezident İlham Əliyev nitq söyləyərək konkret faktlarla əldə edilən nailiyyətləri təhlil edib. Qeyd olunub ki, Azərbaycan dayanıqlı inkişaf yolu ilə inamla irəliləyir. Bu ilin keçən müddətində də bir sıra əhəmiyyətli proqramlar reallaşdırılıb və bu proses sürətlə davam edir. Nəzərdə tutulan 6,4 milyard manatlıq sərmayənin artıq 5,7 milyard manatı müvafiq ünvana yatırılıb. Nəticədə, 11 mindən çox yeni iş yeri açılıb. Ölkənin valyuta ehtiyatı 4 milyard dollar çoxalıb. Bütövlükdə Azərbaycan bütün istiqamətlərdə islahatları davam etdirir. Deyilənlərin fonunda ölkədə həyata keçirilən inkişaf kursunun 2019-cu ilin ilk altı ayında ifadəsinin geosiyasi təhlilinə ehtiyac görürük.

İslahatların mərkəzi punktu: insan rifahı!
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov iyulun 30-da Nazirlər Kabinetinin növbəti iclasında vurğulayıb ki, "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın bütün sahələrində həyata keçirilən strategiya əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, dünya iqtisadiyyatına inteqrasiyanın daha da sürətlənməsinə imkan yaradır. Ölkəmizin şəhər və rayonlarında bir sıra mühüm sosial infrastruktur layihələri uğurla icra olunur".
Baş Nazirin vurğulanan fikirlərinin arxasında konkret faktlar dayanır. İndi qlobal miqyasda sosial-iqtisadi, maliyyə və siyasi vəziyyət elədir ki, gənc müstəqil dövlətlərin əhalinin həyat səviyyəsini yaxşılaşdırmağa və ölkəni dünya iqtisadi sisteminə inteqrasiya etməyə imkan yaradan siyasi kursunun müəyyən edilərək həyata keçirilməsi kifayət qədər çətindir. Lakin ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını daha da inkişaf etdirən Prezident İlham Əliyev bu vəzifənin öhdəsindən layiqincə gəlir. Bu səbəbdən Novruz Məmmədovun ifadə etdiyi fikir bütövlükdə Azərbaycanda həyata keçirilən inkişaf və islahatlar strategiyasını ifadə edir.
Dövlət başçısının iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə səslənən fikirlər və gətirilən faktlar yuxarıda vurğulanan tezisin tam doğru olduğunu təsdiq edir. Prezident İlham Əliyev müşavirədəki nitqində ifadə edib: "Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq".
Doğrudan da, Azərbaycan o ölkələrdəndir ki, 2008-ci ildə dünyanı bürüyən və nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranından az itki ilə çıxdı. Bu, ölkə rəhbərliyinin səmərəli inkişaf kursunu dönmədən müstəqil şəkildə həyata keçirməsi sayəsində mümkün oldu. Həmin tezisi əldə olunan nailiyyətlər sübut edir. Prezident tam əminliklə deyir ki, Azərbaycan inamla inkişaf edir. Bakı böyük infrastruktur layihələrini icra edir. Ümumi iqtisadi vəziyyətin olduqca müsbət olduğunu faktlar təsdiq etməkdədir. Təkcə bu ilin altı ayında qazanılan uğurlara nəzər salmaqla buna əmin olmaq olar. Ölkə rəhbəri müşavirədə həmin kontekstdə konkret olaraq deyib: "İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür... Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır".
Müqayisə üçün deyək ki, dünyanın ən güclü iqtisadi sisteminə malik olan Amerikada bu ilin altı ayı ərzində iqtisadi artım 2,1 faiz təşkil edib. Avropa İttifaqının böyük dövlətlərində artım 2-3 faiz civarında olduqda, ciddi nailiyyət kimi qəbul edilir. Belə görünür ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisədə də kifayət qədər dayanıqlı inkişaf və sürətli iqtisadi artım nümayiş etdirir.
İnamla irəli: sürətli inkişafa davam...
Ayrılıqda qeyri-neft sektorunun 15 faizdən artıq inkişaf göstəricisi böyük hadisədir. Bu o deməkdir ki, Azərbaycan bütün sahələrdə dayanıqlı inkişaf xəttindədir və o, yeni texnologiyaların tətbiqinə, iqtisadiyyatın diversifikasiyasına ciddi önəm verir. Ümumilikdə isə bütün bunlar sənayeləşmə siyasətinin çox uğurlu olduğunu təsdiq edən faktlardır.
Bunların fonunda həm Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin səmərəli istifadəsi, həm də islahatların müxtəlif sferalar üzrə aparılması sevindiricidir. Dövlət başçısı bu bağlılıqda müşavirədə xüsusi vurğulayıb: "Qeyri-neft ixracımız 15 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artmışdır. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni, plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür".
Burada kiçik bir müqayisə aparmaq yerinə düşərdi. Ermənistan üçün nəzərdə tutulub ki, 2019-cu il büdcəsi 9 faiz artsın, xərclər isə 12 faiz çoxalsın. Rəqəmlərlə ifadədə bu, gəlirlərin 3,1 milyard dollar, xərclərin isə 3,4 milyard dollar olması deməkdir. Ermənistanın 2019-cu ildə xarici borcu isə 7 milyard dollardan artıq olmalıdır. Azərbaycan ölkə iqtisadiyyatına cəmi 6 ayda 6,4 milyard manat sərmayə qoymağı planlaşdırıb və onun 5,7 milyard manatı artıq reallaşıb. Yəni, faktiki olaraq, Azərbaycanın altı ayda iqtisadiyyata qoyduğu sərmayə Ermənistanın illik gəlirindən iki dəfə çoxdur!
Onu da qeyd edək ki, bu ilin ilk altı ayı ərzində valyuta ehtiyatları 4 milyard dollar artaraq 49 milyard dollar təşkil edib! Yəni, Azərbaycanın altı ay ərzində valyuta ehtiyatı Ermənistanın illik büdcə gəlirlərindən təqribən 1 milyard dollar çoxdur!
Bunlar onu göstərir ki, Azərbaycan regionda həm sürətinə, həm də gəlirlərin artımına görə şəksiz liderdir. Ermənistanın Azərbaycandan bütün sahələrdə xeyli geridə qalması prosesi davam edir. Bu xüsusda sosial sahədə həyata keçirilən proqramları Cənubi Qafqazda ən səmərəli və irihəcmli proqramlar adlandırmaq olar. Belə ki, "bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Olduqca önəmli addımlar atılmışdır – minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb... Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir...".
Vurğulanan faktlar və aparılan kiçik müqayisə bir daha onu göstərir ki, müstəqil dövlət quruculuğu prosesi kifayət qədər mürəkkəb prosesdir və zərgər dəqiqliyi ilə siyasi-iqtisadi kursun müəyyən edilməsini tələb edir. Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, hər il yüksək sürətlə inkişaf edir və bu, dayanıqlı xarakter alıb.
2019-cu il isə bütövlükdə dünya üçün xeyli dərəcədə qeyri-müəyyənliklər və risklərlə doludur. Ən yüksək inkişaf etmiş ölkələrin iqtisadiyyatının verilən proqnozlara uyğun olub-olmayacağı məlum deyil. Üstəlik, ekspertlər xəbərdarlıq edirlər ki, dünyanı yeni iqtisadi-maliyyə böhranı gözləyir. Bu cür risklərlə əhatə olunan Azərbaycan iqtisadiyyatının əldə etdiyi ciddi uğurlar və dayanıqlı inkişaf, əlbəttə, qürur doğurmaya bilməz. Eyni zamanda, bu onu bir daha təsdiq edir ki, ölkə rəhbərliyi son dərəcə səmərəli və perspektivli inkişaf kursu həyata keçirir.
Bu inkişaf kursunda insan faktoru ilk sırada dayanır. İnsanların rifahı naminə hakimiyyət mümkün olan hər bir müsbət addımı atır. Təcrübə göstərir ki, bu proses getdikcə daha da genişlənir və sürətlənir. Tam əminlik vardır ki, Azərbaycan bu yolda daha inamlı və səmərəli addımlar atacaqdır. Müstəqil Azərbaycan həm də ən yüksək inkişaf səviyyəsinə yüksələcəkdir!
Newtimes.az

Siyasət 2019-08-20 14:56:00