×
A
A
A
Sazlamalar

İndoneziyada kütləvi iğtişaşlar zamanı 258 dustaq türmədən qaçıb

Tokio, 20 avqust, AZƏRTAC

İndoneziyanın Qərbi Papua əyalətində törədilən kütləvi iğtişaşlar zamanı 258 dustaq türmədən qaçıb.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 20-də İndoneziyanın Cəzaçəkmə Müəssisələri İdarəsinin mətbuat xidmətinin rəhbəri Ade Kusmanto məlumat verib. “Bir sıra dövlət müəssisələrində törədilən yanğınlardan sonra etirazçılar türməyə yönələrək buranı daşa basıblar. Nəticədə dustaqların bir qismi türmədən qaçıb”, - deyə A.Kusmanto bildirib. Qeyd edilir ki, türmədən qaçanların bir qismi yenidən həbs olunub. Türməyə hücum zamanı mühafizə xidmətinin əməkdaşlarından biri yaralanıb.
Xatırladaq ki, avqustun 19-da Qərbi Papua əyalətinin paytaxtı Manokvari şəhərində etirazçılar nəqliyyatın hərəkətini dayandırıblar. Bir neçə bina, avtomobil və motosikl yandırılıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin təhqiqatı ilə məşğuldur. Etirazlara səbəb kimi isə Surabaya şəhərində təhsil alan papuasların yataqxanasına irqi ayrı-seçkilik zəminində yerli fəallar tərəfindən təşkil edilən hücum göstərilir.
Qeyd edək ki, 2018-ci ilin noyabrında İndoneziya polisi bütün ölkədə Papua və Qərbi Papua əyalətlərinin İndoneziyadan ayrılmasına çalışan 500 nəfəri həbs edib. Həmin şəxslər dekabrın 1-də regionun müstəqilliyi ilə bağlı nümayişlərə başlamağı planlaşdırırdılar. 1961-ci ilin həmin günündə Hollandiyanın müstəmləkəsindən xilas olan Papua özünün müstəqilliyini elan edib. Sonradan İndoneziya həmin ərazini öz tabeliyinə keçirib. 2003-cü ildə Papua əyaləti İndoneziyanın tərkibində muxtariyyət hüququ qazanıb.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-08-20 12:40:00