×
A
A
A
Sazlamalar

Ağstafa rayonunda piyadanı vurub hadisə yerindən qaçan sürücü həbs edilib

Bakı, 20 avqust, AZƏRTAC

Ağstafa rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək qaçan sürücü polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 6-da saat 20 radələrində Ağstafa rayonunun Muğanlı kəndi ərazisində kənd sakini Şadət Bayramovun sərxoş halda idarə etdiyi, həmkəndlisi Abbas Bağırova məxsus “VAZ 21015” markalı 05-BG-362 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında olan həmkəndlisi Faiq İbrahimovu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin Ş.Bayramov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Sosial 2019-08-20 12:11:00