×
A
A
A
Sazlamalar

Amerikanın aparıcı iqtisadçılarının üçdəbiri ABŞ-da 2021-ci ildə resessiya proqnozlaşdırır


Vaşinqton, 20 avqust, AZƏRTAC

Amerikalı iqtisadçıların əksəriyyəti hesab edir ki, ABŞ-da 2021-ci ildən gec olmayaraq resessiya baş verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Biznes İqtisadiyyatı üzrə Milli Assosiasiya tərəfindən 226 iqtisadçının iştirakı ilə aparılan sorğunun nəticələri barədə hesabatda deyilir.
Sorğunun yekunlarına görə, iqtisadçıların 34 faizi bəyan edib ki, 2021-ci ilədək ABŞ-da iqtisadi geriləmə baş verəcək. Qeyd etmək lazımdır ki, bu fikirlə cari ilin fevralında aparıcı iqtisadçıların yalnız 10 faizi razılaşmışdı.
Prezident Donald Tramp iqtisadçıların rəyi ilə razı deyil. O, ekspertlərin proqnozları barədə jurnalistlərin sualına cavabında deyib: “Mən resessiyanı görmürəm”. Məlumdur ki, iqtisadiyyatın vəziyyəti Trampın təkrar seçilmə kampaniyasının əsas elementidir. Prezident və onun müşavirləri 2020-ci ilin noyabrınadək - Prezident seçkiləri keçirilənədək ABŞ-ın iqtisadi inkişafı üzrə mənfi proqnozları yaxın buraxmamaqdan ötrü hər cür səy göstərirlər.
Ağ Evin ticarət üzrə müşaviri Piter Navarro bəyan edib ki, 2020-ci il ərzində ABŞ iqtisadiyyatı güclü olacaq. O qeyd edib ki, Prezident iqtisadi inkişafdan ötrü biznes dairələrinin nümayəndələri və həmkarlar komitələrinin liderləri ilə çox gözəl qarşılıqlı əlaqə yaradır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-08-20 12:09:00