×
A
A
A
Sazlamalar

Kosta-Rikada saxta alkoqol 25 nəfərin ölümünə səbəb olub

Vaşinqton, 20 avqust, AZƏRTAC

Kosta-Rikada metanolla qarışdırılmış alkoqoldan 25 nəfərin ölməsi müəyyən edilib.
AZƏRTAC bu barədə Kosta-Rikanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir.
Nazirliyin məlumatında qeyd olunur ki, metanolla zəhərlənmə nəticəsində, həmçinin 59 nəfər xəstəxanaya yerləşdirilib.
Hakimiyyət orqanları 10 müəssisənin işini dayandırıb və tərkibində metanol (adətən antifrizin tərkibində olan rəngsiz zəhər) olan 55 min konteynerdən artıq alkoqol müsadirə ediblər.
Alkoqoldan istifadəyə məsul beynəlxalq alyansın nümayəndələrinin sözlərinə görə, saxta spirtli içkilər legitim məhsulların brendi altında buraxılır, daha sonra yoxlanılmadan bar və mağazalar tərəfindən alınır. Alyansın məruzəsinə əsasən, Kosta-Rikada istehlakçılara satılan alkoqolun ümumi həcminin 19 faizini saxta alkoqol təşkil edir.
Metanol zəhərlənməsinə daim mürgüləmə, başağrısı, başgicəllənməsi, mədə bulantısı, qusma, qıcolma, ürək və tənəffüs yolları sistemində çatışmazlıq, dayaq-hərəkət uzlaşmazlığı kimi əlamətlər aid edilir.
Federal Təhqiqatlar Bürosu apardığı araşdırmalarda region ölkələrində saxta alkoqol ilə bu ilin mayında bir neçə amerikalının Dominikan Respublikasında ölümü arasında hər hansı bağlılığın olmasını müəyyən etmək niyyətindədir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-08-20 11:22:00