×
A
A
A
Sazlamalar

Şagirdlərin elektron yerdəyişməsi sistemi komplektasiya dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərəcək

Bakı, 19 avqust, AZƏRTAC
Şagirdlərin elektron yerdəyişmə prosesi valideynin elektron sorğu yerləşdirməsi, sorğunun məktəb tərəfindən təsdiq olunması və valideyn tərəfindən çıxma əmrinin məktəbdən götürülərək yeni məktəbə təqdim olunması mərhələlərindən asılıdır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, elektron yerdəyişmə zamanı Azərbaycan Respublikasının vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkələrin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS kodu (Ümumi Təhsil İnformasiya Sistemində şagirdə məxsus unikal kod) tələb olunur. Sistemdən istifadə üçün əvvəlcə www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkələrin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil etdikdən sonra əldə olunmuş məlumatları təsdiqləyir, daha sonra təsdiqlədiyi nömrəni qeyd edir. Mobil nömrəyə daxil olan SMS-də göstərilmiş təsdiq kodunu müvafiq açılan pəncərədə daxil edir və qeydiyyat tamamlanır. Qeydiyyat tamamlandıqdan sonra valideyn FİN və ya UTİS kodu ilə uşağın məlumatlarını əldə edir. Sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün deyil. Xarici dil uyğunsuzluğu olduğu təqdirdə sorğu şəhər və ya rayon təhsil şöbələri tərəfindən təsdiq, yaxud inkar edilə bilər. Şagirdlərin elektron yerdəyişməsi sistemi komplektasiya (siniflərin komplektləşdirilməsi) dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərəcək. X-XI siniflərlə bağlı yerdəyişmə elektron sorğuların sistemdə müvafiq təhsili idarəetmə orqanı tərəfindən təsdiqləndiyi halda mümkün olacaq.
Xaricdən gələn şagirdlərin məktəbə qəbulu üçün valideyn əvvəlcə müvafiq məktəbə yaxınlaşaraq övladının təhsil bazasına daxil edilməsi barədə müraciət etməlidir. Məktəb həmin uşağı təhsil bazasına daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir.
Liseylərin və məktəb-liseylərin siniflərinə yerdəyişmə sistemdə həmin siniflər üzrə qeyd olunan tarixdən etibarən həyata keçiriləcək.
2019-2020-ci tədris ilində liseylərin və məktəb-liseylərin siniflərinə qəbul imtahanlarında artıq iştirak etmiş və qəbul olmuş şagirdlərin yerdəyişməsi valideynin iştirakı olmadan müvafiq təhsili idarəetmə orqanı tərəfindən tənzimlənəcək. Valideynin sistemə daxil etdiyi müraciət bir və yaxud iki gün ərzində cavablandırılacaq. Valideyn FİN kodunu daxil edərək səhifəsinə gələn məlumatla tanış ola bilər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin şagirdlərinin yerdəyişməsi məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə aşağıda qeyd edilən məktəblərdə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək:
-Səbail rayonu üzrə 7, 163, 236 nömrəli;
-Nizami rayonu üzrə 12, 272, 145, 214 nömrəli;
-Nəsimi rayonu üzrə 19, 44, 247 nömrəli;
-Yasamal rayonu üzrə 18, 21, 60 nömrəli;
-Nərimanov rayonu üzrə 57, 82, 177 nömrəli;
-Xətai rayonu üzrə 17, 24, 116, 165, 191 nömrəli;
-Sabunçu rayonu üzrə 69, 74, 75, 78, 128, 130, 170 nömrəli;
-Suraxanı rayonu üzrə 84, 76, 279, 285, 315 nömrəli;
-Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274, 288 nömrəli;
-Xəzər rayonu üzrə 117, 120, 156, 181, 234 nömrəli;
-Pirallahı rayonu üzrə 235 nömrəli;
-Binəqədi rayonu üzrə 83, 102, 182, 297, 313 nömrəli tam orta məktəblər.

Elm və təhsil 2019-08-19 19:32:00