×
A
A
A
Sazlamalar

Sumqayıtda ali məktəblərə imtahanda iştirak edən hər 10 abituriyentdən 8-i tələbə adını qazanıb

Sumqayıt, 19 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər.
Şəhər Təhsil Şöbəsindən AZƏRTAC–a bildirilib ki, 3 məktəbin 11-ci sinfi bitirən bütün şagirdləri ali məktəblərə qəbul olub. Belə ki, Sumqayıt şəhər Texniki və Təbiət Elmlər Liseyi, Təbiət Elmləri Təmayüllü Gimnaziya və “İstedad” liseyinin bütün məzunları tələbə adını qazanıb. Texniki və Təbiət Elmlər Liseyinin 25 şagirdi, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın isə 26 şagirdi 600-dən çox bal toplayıb.
Bununla yanaşı, 5 təhsil müəssisəsi qəbul imtahanlarının birinci mərhələsində 90 faizdən çox nəticə göstərib. Qəbul imtahanlarının birinci mərhələsində, ümumilikdə, 151 məzun 600-dən çox bal toplayıb.
Statistik məlumatların təhlili göstərir ki, bu il qəbul imtahanlarında iştirak edən hər 10 abituriyentdən 8-i tələbə adını qazanıb.

 

Regionlar 2019-08-19 18:03:00