×
A
A
A
Sazlamalar

Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır

Bakı, 19 avqust, AZƏRTAC

Cari ilin arxada qoyduğumuz birinci yarısı Mədəniyyət Nazirliyinin təşkilatçısı olduğu və dəstək verdiyi maraqlı layihələrlə zəngin olub. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin, festivalların təşkilində nazirlik fəal iştirak edib. Həmçinin nazirlik sistemində aparılan islahatlar davam etdirilib. Bu yaxınlarda nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqəyə yekun vurulub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mədəniyyət nazirinin müavini Rafiq Bayramov söyləyib.
Rafiq Bayramov Mədəniyyət Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə pedaqoji kadrların işə qəbulunun 2015/2016-cı tədris ilindən etibarən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə aparıldığını deyib: “Pedaqoji kadrların işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsi məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı kadrların şəffaf və sağlam rəqabət şəraitində seçilib nazirlik sisteminə daxil olan tədris ocaqlarında yerləşdirilməsi, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsi məqsədi daşıyır. Müəllimlərin işə qəbulu bu il də mərkəzləşdirilmiş qaydada, şəffaf və rəqabət şəraitində həyata keçirildi. Bununla əlaqədar olaraq nazirliyin müvafiq əmri ilə müsabiqə və apelyasiya komissiyaları yaradılmışdı. İşə qəbul üzrə müsabiqəyə elektron ərizələrin qəbulu iyunun 20-dən iyulun 1-dək aparıldı. Müsabiqənin ikinci mərhələsi (müsahibə) iyulun 5-dən 20-dək keçirildi. Ölkə üzrə müsabiqəyə çıxarılmış 258 vakant yerə 530 nəfər elektron ərizə ilə müraciət etmişdi. Müraciət edənlərin ərizələri yoxlanılaraq müsahibəyə 433 nəfərin buraxılmasına icazə verildi. Yekun nəticəyə görə, müsahibədə iştirak edən 356 nəfərdən 123 nəfəri məktəb və mərkəzlərdə işləmək hüququ qazandı. Bakı şəhəri üzrə vakansiyaya çıxarılmış 50 yerə 28 nəfər, bölgələr üzrə 208 vakant yerə 95 nəfər işə qəbul olunub”.
Nazir müavini vakant yerlərə işə qəbulun 50 faizdən az olduğunu, bu göstəricinin narahatlıq doğurduğunu diqqətə çatdırıb: “Bu da onunla əlaqədardır ki, müraciət edənlərin əksəriyyətinin bilik səviyyəsi tələb olunan baryeri aşmağa imkan verməyib. Bəzi hallarda isə təhsil ocaqlarımızda ehtiyac duyulan ixtisaslar üzrə pedaqoji kadrların çatışmazlığı müşahidə olunur. Bildiyiniz kimi, uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzləri Mədəniyyət Nazirliyinin sisteminə daxil olsa da, orta ixtisas və ali təhsil müəssisələri Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərir. Ona görə də düşünürük ki, bu sahədə təhsilin keyfiyyətinin artırılması, daha bacarıqlı pedaqoji kadrların işə cəlb olunması, tələbat olan ixtisaslar üzrə kadrların hazırlığı sahəsində qarşılıqlı fəaliyyət göstərmək zəruridir. Həmçinin bu ilin payızında nazirlik sisteminə daxil olan təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyasının keçirilməsini düşünürük. Bu da bizə təhsilin keyfiyyətinin yüksəldilməsinə, savadlı və bacarıqlı kadrların əməyinin daha obyektiv qiymətləndirilməsinə imkan verəcək”.
Mədəniyyət Nazirliyi ölkəmizdə keçirilən tədbirlərin, festivalların əsas təşkilatçısı qismində çıxış edir. Bu işdə nazirliyin regional idarələri, şəhər və rayonlardakı musiqi, rəqs, folklor kollektivləri fəallıq göstərir.
Rafiq Bayramov bu mənada nazirliyin təşəbbüsü ilə artıq ikinci dəfə reallaşan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının əhəmiyyətini xüsusi vurğulayıb: “Bu ilin mart-may aylarında ölkəmizdə geniş əks-səda doğuran “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalını keçirdik. Nazirliyin regional idarələrinin iştirakı ilə gerçəkləşən festival proqramında ümumilikdə 65 şəhər və rayon iştirak edirdi. Festival çərçivəsində 80-ə yaxın musiqi kollektivi (folklor, rəqs, musiqi ansamblı, xor və s.), 50-dən çox incəsənət ustası müxtəlif janrlar üzrə (muğam, aşıq musiqisi, estrada, instrumental, vokal ifa və s.) çıxış etdi, xalq sənətkarlıq nümunələri, rəssamların əl işlərinin sərgi-yarmarkaları təşkil olundu. Bu tədbirlərdə nazirliyin regional idarələri tərəfindən qurulan festival çadırları, orada nümayiş etdirilən mədəni zənginliyimiz yerli sakinlər və ölkəmizə gələn qonaqlar tərəfindən maraqla qarşılandı. Yerli icra orqanlarının da dəstəyi ilə reallaşan layihə ölkəmizin bütün regionlarını əhatə etməklə onların tarixi-mədəni zənginliyi və sənətkarlıq irsi ilə bir festival meydançasında tanış olmaq imkanı yaratdı”.
İyulun 27-28-də Quba şəhərində Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşan Regional Mətbəx Festivalı haqqında danışan nazir müavini bu layihənin də əhəmiyyətini yüksək qiymətləndirib. “Festivalda yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və xalq yaradıcılığı sahəsi peşəkarlarının məhsulları nümayiş olunub. Bölgələrimizdə milli mətbəx nümunələrimizin nümayişi, təbliği, o cümlədən əcnəbi qonaqlara təqdim olunmasına xidmət edən festivalın təşkili və keçirilməsində nazirliyin Xaçmaz Regional Mədəniyyət İdarəsi fəal iştirak edib”, - deyə Rafiq Bayramov bildirib.
Ölkəmizdə yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-dan 28-dək ilk dəfə olaraq Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalı da böyük maraq doğurub. Rafiq Bayramov qeyd edib ki, Mədəniyyət Nazirliyinin dəstək verdiyi tədbirin gerçəkləşməsində Şəmkir Regional Mədəniyyət İdarəsi, bölgələrimizin musiqi və folklor kollektivləri yaxından iştirak edib. Festival müddətində ölkəmizdəki tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılanıb.
Rafiq Bayramov ölkədə kitabxana, mədəniyyət evləri, mərkəzlər, qalereyalar və klubların idarə olunması istiqamətində həyata keçirilən islahatlara toxunaraq vurğulayıb ki, bu qəbildən mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı yeni layihə hazırlanıb: “Prezident İlham Əliyevin bu il yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman ölkəmizdə mədəniyyət sahəsinin müasir tələbələrə uyğun inkişafının təmin edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Fərman mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsini, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur. Bu islahatların həyata keçirilməsindən sonra nazirliyin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların fəaliyyətində səmərəliliyin artırılması təmin olunacaq”.
Nazir müavini onu da vurğulayıb ki, aparılan islahatlar nəticəsində ölkəmizin mədəniyyət sahəsinin idarə olunması, mədəni xidmətlərin səviyyəsinin daha da artırılması və mədəni irsimizin təbliği istiqamətində yeni uğurlara imza atılacaq.

Mədəniyyət 2019-08-19 17:59:00