×
A
A
A
Sazlamalar

FAO sağlam toxumluq kartof istehsalı sxeminin bütün aspektləri üzrə təlim kursu keçirib

Bakı, 19 avqust, AZƏRTAC

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə birgə həyata keçirdiyi “Azərbaycanda xəstəliklərdən azad milli kartof toxumçuluğu sisteminin yaradılması“ layihəsi çərçivəsində müxtəlif maraqlı tərəflər üçün sağlam toxumluq kartof istehsalı sxeminin bütün aspektləri üzrə təlim kursu keçirib.
Beynəlxalq qurumun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisindən AZƏRTAC-a bildiriblər ki, layihə 2016-2020-ci illəri əhatə edən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir.
Tədbirdə çıxış edən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının meneceri Namiq Məmmədov bildirib ki, layihənin həyata keçirilməsi nəticəsində seçilmiş rayonlardan birində kartof yumrularının istehsalı məqsədilə 250 tonluq saxlama anbarının yaradılması, toxumluq kartof istehsalı üzrə müasir tendensiyaları bilən və innovasiyaları tətbiq edə biləcək mütəxəssislərin hazırlanması, sağlam toxumluq kartof istehsalı üçün müvafiq yerlərdə əsas infrastrukturların (laboratoriyalar, istixanalar, istehsal sahələri, saxlama anbarları və s.) yaradılması və maarifləndirmə tədbirlərinin (təlim kursları, seminarlar, sahə günləri və s.) keçirilməsi planlaşdırılır. Eləcə də müxtəlif sortlardan genofond materiallarının istehsalı və saxlanılması, ildə 120 min ədəd sağlam kartof şitilinin kütləvi yayılması nəzərdə tutulur. Layihənin milli ərzaq təhlükəsizliyinə, Azərbaycanda kənd təsərrüfatının və kənd yerlərinin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
56 iştirakçının qatıldığı tədbirə təlimçi qismində FAO-nun Kənd Təsərrüfatı Genetik Mühəndisliyi üzrə beynəlxalq eksperti, Türkiyənin Nigde Ömer Halisdemir Universitetinin Kənd təsərrüfatı elmləri və texnologiyaları fakültəsinın professoru Mehmet Emin Çalışkan dəvət olunub. Mehmet Emin Çalışkan son illərdə Azərbaycanda kartof istehsalında yaranan problem və inkişaf meyilləri, eləcə də kartof istehsalında son illərin təhlillərinə əsasən əkin sahələrinin nisbətən sabit saxlamaqla məhsuldarlığın yüksəlməsi tempi barədə məlumat verib. Bildirilib ki, əgər 2015-ci ildə 61 min hektardan 839,8 min ton və ya hər hektardan 13,8 ton məhsul toplanmışdısa, 2016-cı ildə analoji olaraq 62,8 min hektardan 902,4 ton və ya 1 hektardan 14,4 ton məhsul, 2017-ci ildə 58,8 min hektardan 913,9 ton və ya 1 hektardan 15,5 ton məhsul istehsalına nail olunub. Bu rəqəmlər dünya göstəricisindən müəyyən qədər az olsa da, bu tempin qorunub inkişaf etdirilməsi ölkədə kartofa olan tələbatın tamamilə yerli məhsul hesabına ödənilməsinə imkan yaradacaq.
Diqqətə çatdırılıb ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, fermerlər əkin zamanı yeni sortlardan istifadə etsələr, azı 150 min azərbaycanlı kəndli ailəsi uzunmüddətli perspektivdə təkmilləşdirilmiş sağlam toxumluq kartof istehsalı sistemindən faydalanacaq.

Sosial 2019-08-19 17:07:00