×
A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universitetinin rektoru qeydiyyat prosesinin gedişi ilə tanış olub

Bakı, 19 avqust, AZƏRTAC 

Avqustun 16-dan etibarən Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olanların qeydiyyatına start verilib. Tələbələr sənədlərini qəbul komissiyasına təqdim edirlər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeydiyyat prosesinin gedişi ilə tanış olub. Rektor sənədlərin qəbulu komissiyasının üzvləri ilə görüşüb, fakültələr üzrə qəbulun dinamikası ilə maraqlanıb. Rektor fakültə dekanlarına dərslər başlamazdan əvvəl tələbələrlə görüşüb onları maraqlandıran sualları cavablandırmağı məsləhət görüb: “Dərslərdən əvvəl yeni tələbələrlə görüşüb universitet haqqında məlumat verin, onları korpuslarla tanış edin, qaydaları, imtahan prosesini izah edin, kitabxananın yerini göstərin. Bu, tələbələrin özlərini ali məktəbə hazır hiss etməsinə kömək edə bilər”.
Sonra rektor qeydiyyat üçün gələn tələbələri və onların valideynlərini universitetə qəbul olmaları və ATU ailəsinə qoşulmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, ATU-ya qəbul olunan tələbələrin qeydiyyatı avqustun 27-dək davam edəcək. Qəbul hər gün səhər saat 9–dan saat 16-ya qədər keçirilir. Qeydiyyat üçün lazım olan sənədlərin siyahısı ilə universitetin rəsmi saytı və “facebook” səhifəsindən tanış olmaq mümkündür.

Səhiyyə 2019-08-19 16:52:00