×
A
A
A
Sazlamalar

Altı ayda cinayət hadisələrinin 18,3 faizi narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar olub

Bakı, 19 avqust, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, cari ilin yanvar–iyun aylarında qeydə alınan 13 min 534 cinayət hadisəsinin 2472-si və ya 18,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, onların da 59,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq sayda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma təşkil edib. Həmçinin 33,2 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,7 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,4 faizi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, 0,1 faizi isə digər cinayətlərdən ibarətdir.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1674 nəfər cinayət törətmiş şəxs müəyyənləşdirilib. Onların da 99 faizi cinayət məsuliyyətinə cəlb olunub. Cinayət törətmiş şəxslərin 68,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 24,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,3 faizi yetkinlik yaşına çatmayanlar, 7,8 faizi 18-24 yaşlı, 15,1 faizi 25-29 yaşlı gənclər, 76,8 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
İlin birinci yarısında müsadirə edilmiş 1528,5 kiloqram narkotik maddələrin 746,3 kiloqramı heroin, 518,7 kiloqramı marixuana, 195,9 kiloqramı tiryək, 9,1 kiloqramı həşiş, həşiş yağı və qətranı, 58,5 kiloqramı isə digər narkotik və güclü təsiredici vasitələrdir.

Hadisə 2019-08-19 16:42:00