Avstriyanın Tirol əyalətində ənənəvi Alpbax Avropa Forumu işə başlayıb
Vyana, 18 avqust, AZƏRTAC
Avqustun 18-də Avstriyanın Tirol əyalətində yerləşən Alpbax qəsəbəsində ənənəvi Alpbax Avropa Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, İkinci Dünya müharibəsindən sonra hər il təşkil olunan forumda bu il azadlıq və təhlükəsizlik əsas müzakirə mövzuları olacaq. Forumda beş mindən artıq siyasət, iqtisadiyyat, elm və incəsənət xadimləri, mətbuat nümayəndələri, ekspert və tələbələrin iştirakı gözlənilir.
Forumun Təşkilat Komitəsindən bildirilib ki, liberal demokratiya, bazar iqtisadiyyatı və qloballaşma şəraitində müasir dünyamızdakı iqtisadi proteksionizm, qeyri-liberallıq və insan azadlıqlarını məhdudlaşdıran təhlükəsizlik siyasəti diqqət mərkəzində dayanacaq, səbəb və hərəkətverici qüvvələrin analizi ilə yanaşı, perspektiv və yeni istiqamətlər ətrafında fikir mübadiləsi aparılacaq.
Alpbax Avropa Forumunun proqramı ənənəvi olaraq bir neçə hissəyə bölünür. Bunlara seminar həftəsi, səhiyyə, təhsil, hüquq, texnologiya, siyasət, iqtisadiyyat və maliyyə bazarına həsr olunmuş iki-üç günlük “Alpbax söhbətləri“ adını daşıyan konfranslar, tələbə və gənc mütəxəssislər üçün yay kursları və media akademiyası daxildir.
Yetmişdən artıq ölkənin nümayəndələrinin qatıldığı forum öz işinə avqustun 30-da yekun vuracaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
Yunanıstanda 6 bal gücündə zəlzələ olub
Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib