×
A
A
A
Sazlamalar

Azərbaycanda Sərhəd Qoşunları işçilərinin peşə bayramı Qaradağ rayonunda qeyd edilib

Bakı, 17 avqust, AZƏRTAC

18 avqust – Azərbaycanda Sərhəd Qoşunları işçilərinin peşə bayramı günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov peşə bayramı münasibətilə sərhəd qoşunlarının əməkdaşlarını təbrik edib. Azərbaycan sərhədçilərinin uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayan E.Abbasov onların formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğunu deyib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində dövlət sərhədlərinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik, əmin-amanlıq ölkəmizin inkişafı üçün əsas şərtdir. Sərhəd mühafizəsinin təşkili nəticəsində Azərbaycanda daxili təhlükəsizliyin təmin edilməsi daha yüksək səviyyədə təşkil olunur. Son illər yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminat sahəsində də mühüm tədbirlər görülüb.
Tədbir iştirakçıları 2010-cu il Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının istifadəyə verilməsini DSX üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrlar, komandirlər, hərbi elmi işçilər hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Sonda sərhəd qoşunlarının bir qrup əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Sosial 2019-08-17 21:38:00