×
A
A
A
Sazlamalar

Paytaxtın Xətai rayonunda hasara alınmış sahədə ağac kəsintisi faktı qeydə alınmayıb

Bakı, 17 avqust, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə paytaxtın Xətai rayonunda Gəncə prospekti ilə Neapol küçəsinin kəsişməsində hasara alınmış ərazidə ağacların kəsilmək təhlükəsinin olması ilə bağlı müraciət daxil olub. Nazirliyin əməkdaşları müraciəti yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı hasara alınmış ərazinin bir hissəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, “ASAN xidmət” mərkəzinin tikintisinin aparılacağı müəyyənləşib. Hasara alınmış sahədə ağac kəsintisi faktı qeydə alınmayıb.
Ərazidəki 18 Eldar şamı, 37 sərv, 5 yulğun kolunun qeydiyyatı aparılaraq qulluq göstərilməsi, qorunub saxlanılması və bir neçə qurumuş ağacın yenisi ilə əvəzlənməsi məqsədilə Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə “məcburi göstəriş” verilib.
Yaşıllıqların qorunması istiqamətində göstərdikləri həssas münasibətə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığa görə nazirlik ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirir.

Ekologiya 2019-08-17 17:38:00