×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda antisanitar şəraitdə süd və süd məhsulları istehsal edən sexin fəaliyyəti məhdudlaşdırılıb

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, AQTA-ya paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, 2578-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Rasif Məmmədova məxsus süd və süd məhsulları istehsalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə məlumat daxil olub. Müraciət əsasında süd və süd məhsulları sexinə baxış keçirilib. Antisanitar şəraitdə fəaliyyət göstərən sexdə “Lerik” əmtəə nişanlı süd və süd məhsullarının istehsal edildiyi aşkarlanıb. Həmin məhsulların etiketində təbii inək südü qeyd olunsa da, məhsulların istehsalında faktiki quru süddən istifadə edilərək istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisədə məhsulların istehsalında bitki tərkibli “Sun 23” marqarin yağı və E 235 “Natamisin” (antibiotik) qida əlavəsindən istifadə olunduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı aşkarlanıb.
Aşkarlanan nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Sosial 2019-08-17 13:07:00