×
A
A
A
Sazlamalar

Payızlıq taxıl əkinlərinin aqrotexniki qaydalara uyğun aparılması və hazırlıq işləri müzakirə olunub

Naxçıvan, 17 avqust, AZƏRTAC
Muxtar respublikada aqrar sahədə sistemli şəkildə həyata keçirilən kompleks tədbirlər nəticəsində artıq bir neçə ildir ki, əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsi təmin edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında verilmiş tapşırıqlarla əlaqədar 2019-cu ildə muxtar respublikada payızlıq taxıl əkinlərinin aqrotexniki qaydalara uyğun aparılması və hazırlıq işlərinə dair keçirilən müşavirədə səsləndirilib.
Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev bildirib ki, 2019-cu ilin məhsulu üçün əkilmiş 33 min 308 hektar taxıl sahəsindən 102 min 984 ton məhsul tədarük edilib, məhsuldarlıq orta hesabla hər hektardan 30,9 sentner olub.
Qeyd olunub ki, hazırda muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarları keyfiyyətli toxumla təmin etmək üçün “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti və Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatı fəaliyyət göstərir.
“2020-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 32 min hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi nəzərdə tutulur. Payızlıq taxıl əkini ilə əlaqədar şum və səpin aparmaq üçün 1032 ədəd təkərli, 99 ədəd tırtıllı, 115 ədəd taxılsəpən, 33 ədəd toxumtəmizləyən, 430 ədəd kotan, 296 ədəd lafet, 22 ədəd çizel və şırımaçan texnika saz vəziyyətə gətirilib. Cari ildə bütün taxıl sahələrinin şırım üsulu ilə əkilməsi nəzərdə tutulur”, – deyən Elşad Əliyev vurğulayıb ki, payızlıq taxıl əkininin aparılması üçün muxtar respublikanın torpaq mülkiyyətçilərinə 5000-5500 ton toxum tələb olunur. Bunun üçün “Bərəkət Toxumçuluq” təsərrüfatında 600 ton, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatında isə 100 ton yüksəkkeyfiyyətli buğda və arpa toxumları mövcuddur. Yerli təsərrüfat sahibləri də özləri üçün toxum ehtiyatı tədarük ediblər. Bundan əlavə, ölkəmizdəki digər toxumçuluq təsərrüfatlarından muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun elit və 1-ci reproduksiyalı buğda və arpa toxumları gətiriləcək.
Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov bildirib ki, qısa müddət ərzində biçin kampaniyası başa çatıb. 102 min 984 ton taxıl istehsal edilib ki, bunun da 25,7 min tonu arpa, 77,2 min tonu buğda olub. Arpada məhsuldarlıq hər hektarda 28,5, buğdada isə 31,2 sentner olub.
Bəhruz Bayramov qeyd edib ki, 2020-ci ilin məhsulu üçün əkin sahələrinin hazırlanması və toxum səpini kampaniyasına az vaxt qalıb. Görülən hazırlıq işləri deməyə əsas verir ki, növbəti səpin kampaniyası da uğurla həyata keçiriləcək.
“Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəfər Müzəffərov çıxışında qeyd edib ki, 2018-ci ilin payızında təsərrüfatda 2019-cu ilin məhsulu üçün 1037 hektar torpaq sahəsində taxıl əkini müasir və səmərəli becərmə üsulu olan şırım üsulu ilə aparılıb. Göstərilən yüksək aqrotexniki qulluq nəticəsində 2500 tona yaxın məhsul istehsal olunub. Bu günə qədər 600 ton toxum aqreqatdan keçirilərək dərmanlanıb və paketlənərək satışa hazır edilib. 2020-ci ilin məhsulu üçün 600 hektar sahədə şum aparılıb, şumlama işləri, toxum təmizlənməsi, dərmanlanması davam etdirilir.
Müşavirədə mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Kənd təsərrüfatı 2019-08-17 12:21:00