×
A
A
A
Sazlamalar

Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar

Tbilisi, 16 avqust, AZƏRTAC

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Lia Giqauri, parlamentin maliyyə və büdcə komitəsinin sədri İrakli Kovzanadze azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinin Marneuli rayonunda vətəndaşlarla görüşüblər.
AZƏRTAC xəbər verir ki, nazir müavini və komitə sədri, həmçinin onları müşayiət edən digər rəsmi şəxslər Marneuli rayonunun Qırmızıkənd, Tsereteli, Tamarisi və Qızılhacılı kəndlərinə baş çəkiblər.
L.Giqauri kəndlərdə sakinləri narahat edən məsələlərlə maraqlanıb, milli azlıqlarla bağlı həyata keçirilən dövlət proqramlarından və layihələrdən danışıb.
Görüşlərdə vətəndaşlara hökumətin təqaüdçülər, sosial təminatı olmayan və fiziki məhdudiyyətli şəxslərin xroniki xəstəliklərin müalicəsi üçün 35 adda dərmanı 1 lariyə ala biləcəklərinə dair yeni təşəbbüsü barədə də məlumat verilib.
Qızılhacılı kəndinin sakinləri müxtəlif problemləri diqqətə çatdırıb, kənddə idman zalı və uşaqlar üçün parkın inşa olunması barədə məsələ qaldırıblar.
İ.Kovzanadze bildirib ki, Marneuli rayonunun infrastruktur layihələri üçün 1,5 milyon lari məbləğində vəsait ayrılıb.
Marneuli rayonunun meri Zaur Darğallı Qızılhacılı kəndində idman kompleksinin tikintisi barədə SOCAR şirkəti ilə danışıqların aparıldığını deyib.
Görüşlərdə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Ayaz Məmmədov, parlamentin deputatı Ruslan Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Sosial 2019-08-16 20:55:00